İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir. Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır.

Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib.

Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.

Ötən gün Bakı şəhərində əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur.