97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy və Ağdam rayonlarında 500-dən yuxarı balla ali məktəblərə qəbul olunan tələbələrin bir qrupu ilə görüşüb.

Unikal.org xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla təşkil olunan görüşlərdə millət vəkili ilə yanaşı Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirak edib. 

Görüşlərdə səslənən çıxışlarda ulu öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın və Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasının  ardıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsilinin davamlı inkişafının təmin olunduğu vurğulanıb. 
Qeyd edilib ki, 2004-cü ildən etibarən  dövlət başçısının rəhbərliyi ilə uğurla gerçəkləşdirilən insan kapitalının formalaşdırılması siyasətinin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin icrası nəticəsində son 17 il ərzində ölkədə 3700-ə yaxın məktəb tikilib və ya əsaslı təmir olunub.  

Görüşlərdə A.Vəliyev və adı çəkilən rayonların rəhbərləri tərəfindən yüksək balla ali məktəblərə qəbul olunan tələbələr təbrik olunub və onlara fəxri fərmanlar təqdim edilib. Deputatın təşəbbüsü ilə Goranboy, Ağdam və Tərtər rayonları üzrə bu il ali məktəblərə daxil olarkən 600-dən yuxarı bal toplayan 36 tələbəyə və 500-dən yuxarı bal toplayan 124 tələbəyə fərdi qaydada pul mükafatları çatdırılıb. 

Beləliklə, 2016-2020-ci illər ərzində deputat tərəfindən bu rayonlar üzrə 700 bal toplayan 2 nəfərin, 600-dən yuxarı bal toplayan 265 nəfərin, 500-dən yuxarı bal toplayan 701 nəfərin mükafatlandırılması və 44 məktəbin 1566 əlaçı şagirdinə fərqlənmə təqaüdünün verilməsi təşkil edilib. 

Görüşlərdən sonra Goranboy rayonunun Qızılhacılı qəsəbəsində və Ağdam rayonunun Quzanlı qəsəbəsində bir qrup seçicini səyyar qaydada qəbul edən millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, çoxşaxəli islahatlar, Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər, həmçinin dövlət proqramları və infrastruktur layihələri çərçivəsində bölgələrdə aparılan quruculuq və abadlıq işləri barədə seçicilərinə ətraflı məlumat verib.

Səmimi şəraitdə keçən qəbullar zamanı deputat bu günun reallığı olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Goranboy rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə rayonun 8 000-ə yaxın əhalisi olan və ən böyük yaşayış məntəqəsi hesab edilən Qızılhacılı qəsəbəsindəki görüşdə millət vəkili ölkə əhalisinin içməli su ilə təminatının və kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması istiqamətlərində dövlət başçısı tərəfindən həyata keçirilən tədbirlər xüsusi vurğulayıb. 

Ağalar Vəliyev Qızılhacılı qəsəbə sakinlərinin içməli su ilə təchizatının yaxşılaşdırılması ilə bağlı seçicilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq onun bilavasitə dəstəyi ilə yeni artezian quyusunun qazılmasının artıq başa çatmaq üzrə olduğunu və bütün müasir standartlara cavab verən artezian quyusunun yaxın günlərdə istifadəyə veriləcəyini bildirib.
Hər iki rayonda keçirilən səyyar qəbullarda Milli Məclisin üzvü tərəfindən sosial-məişət məsələləri ilə bağlı seçicilərin fərdi müraciətlərinin təmin edilməsinə operativ reaksiya göstərilib, əhalinin bəzi kommunal xidmətlərlə təchizatında mövcud olan problemlərinin aradan qaldırılması üçün rayonun və respublikanın aidiyyatı qurumları ilə birgə müvafiq işlərin aparılacağı ilə bağlı onlar məlumatlandırılıb. 

Keçirilən görüşlərin və qəbulların iştirakçıları tərəfindən sərhədyanı təmas bölgəsi olan Goranboy və Ağdam rayonlarının əhalisinə dövlətimiz tərəfindən göstərilən həssas münasibətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.