Türkmənistanın Xalq Məsləhəti (Xalq Şurası) cümə günü ölkədə ikipalatalı parlamentin yaradılmasını nəzərdə tutan “Türkmənistan Konstitusiyasında dəyişiklik və əlavələr edilməsi haqqında” layihəni yekdilliklə təsdiqlədi.

Unikal.org xəbər verir ki, bu barədə Türkmənistanın Dövlət Agentliyi TDX məlumat yayıb.

Konstitusiya Qanunu layihəsini müzakirə etdikdən sonra iclasa rəhbərlik edən Prezident Qurbanqulu Berdiməhəmmədov Xalq Məsləhətinin sənədin təsdiqlənməsi barədə qərarını səsə qoyub. Qətnamə yekdilliklə qəbul edilib və dövlət başçısı Xalq Şurasının sədri olaraq onu imzalayıb.

Layihəyə əsasən Türkmənistanın yeni ikipalatalı parlamenti Milli Gengeş (Milli Şura) adlanacaq. Layihə parlamenti qanunverici hakimiyyəti həyata keçirən və iki palatadan - Xalq Məsləhəti və Məclisdən ibarət olan  nümayəndəlik orqanı kimi müəyyən edir.

Xalq Şurası tərəfindən təsdiqlənən Konstitusiya Qanunu layihəsinə Məclis (parlament) tərəfindən baxılacaq və bundan sonra Türkmənistan Prezidentinə imzalanmaq üçün təqdim ediləcək və qanuni qüvvəyə minəcək.

Ölkədə ikipalatalı parlamentin yaradılmasını nəzərdə tutan “Türkmənistan Konstitusiyasında dəyişiklik və əlavələr edilməsi haqqında” yeni Konstitusiya Qanununun 2021-ci il 1 yanvar tarixindən etibarən tətbiqi nəzərdə tutulur.