Tanınmış modelyer Leyla Əhmədovanın əmlaklarının üzərinə həbs qoyulub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin sədrliyi ilə keçirilən məhkəmə prosesində yekun qərar çıxarılıb. Əhmədova Leyla Saday qızı cavabdeh, Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsak oğlu isə tələbkar qismində tanınıb.

Nəzərinizə çatdıraq ki, Nizami Ağayev mərhum prezident Heydər Əlyevin köməkçisi Tariyel Ağayevin qardaşı oğludur.  

Qeyd edək ki, L.Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi, 29 ünvanında yerləşən obyekti  Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri L.Əhmədovanı oradan çıxarmağa çalışıb.

L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub: “Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə pul vəsaiti oğurlanıb”.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.3.2-ci  (oğurluq) maddəsi ilə ittiham verilib. 2019-ci il oktyabr ayının 15-də isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğluna bəraət verilib. 

Bu məhkəmə prosesi gedən zaman isə Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlu Leyla Əhmədovaya qarşı Yasamal Rayon Məhkəməsində mülki iddia qaldırıb və məhkəmə prosesini udublar. 

Azər İsrafilov