UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Unikal.org xəbər verir ki, bu mərhələnin qalibləri iki oyunun nəticəsinə görə müəyyən olunacaq. Pley-off mərhələsinin cavab oyunları sentyabrın 29 və 30-da keçiriləcək.

İlk oyun günündə 3 qarşılaşma keçirilib. Rusiyanın “Krasnodar” klubu 3-cü təsnifat mərhələsində “Benfika”nı mübarizədən kənarlaşdıran PAOK-la üz-üzə gəlib. İsrail “Makkabi”si isə “Zalsburq”la üz-üzə gəlib. Bu oyunlarda Rusiya təmsilçisi evdə, Avstriya klubu isə səfərdə əzmkar qələbəyə sevinib. Çexiya “Slaviya”sı ilə Danimarka “Midtyulland”ı arasındakı ilk qarşılaşmada isə qapılara qol vurulmayıb.

Mərhələnin bu gün keçiriləcək qarşılaşmalarında “Gent” (Belçika) Kiyev “Dinamo”sunu qəbul edəcək. Turnirin 3-cü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Norveçin “Molde” klubu isə “Ferentsvaroş”la (Macarıstan) qarşılaşacaq. Son oyunda “Omoniya” (Kipr) Yunanıstanın “Olimpiakos” klubunun qonağı olacaq.

23:00 Gent (Belçika) – Dinamo (Kiyev, Ukrayna)
23:00 Molde (Norveç) – Ferentsvaroş (Macarıstan)
23:00 Olimpiakos (Yunanıstan) – Omoniya (Kipr)