“Cənab Prezidentin BMT-nin yüksək səviyyəli iclasındakı çıxışı Azərbaycan vətəndaşı kimi məni də məmnun etdi”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Çingiz Qənizadə deyib. O bildirib ki, Prezidentin öncə Qoşulmama Hərəkatının sədri kimi çıxış etməsi də mühüm məsələdir: “Çıxışının birinci hissəsində toxunduğu əsas məsələlərdə BMT-nin, beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə beynəlxalq öhdəliyin yenidən nümayiş etdirilməsinin zəruriliyini vurğuladı. Yəni, dövlət başçısı BMT-ni dünyada baş verən ədalətsizlik, beynəlxalq hüquq prinsiplərinin pozulması, demokratiyanın bərqərar olması üçün öhdəliklərini nümayiş etməyə, bir sözlə, qurumu daha aktiv fəaliyyət göstərməyə sətiraltı dəvət etdi, özünün qəbul etdiyi qərarların icrasına çağırdı.

Cənab Prezident qeyd etdi ki, beynəlxalq hüququn təmin olunması üçün qlobal, səmərəli bir təsisata ehtiyac var. Bu, çox ciddi çağırış idi. Hətta irəli gedərək, burada müəyyən tənqidi mövqeyin olduğunu da deyə bilərəm. Prezident iradlarını diplomatik tərzdə BMT tribunasından bəyan etdi. Bundan əlavə, BMT Təhlukəsizlik Şurasının fəaliyyətində dəyişikliyin edilməsinə səsləməsi olduqca cəsarətli bir çağırış idi”.  

Ç.Qənizadə qeyd edib ki, dövlət başçısının çıxışının ikinci hissəsini dinləyəndə vətəndaş olaraq onunla bir daha qürur duyub: “Cənab Prezident Azərbaycanın müxtəlif sahələrdəki uğurlarını qeyd etməklə, “Azərbaycan sabit və müasir ölkədir”, “insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır” deməklə, eyni zamanda Azərbaycanı inkişafdan saxlayan torpaqlarımızın işğalı ilə bağlı məqamları dilə gətirdi. Cənab Prezident Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsindən, işğal altındakı ərazilərimizə qanunsuz məskunlaşmadan, Tovuz istiqamətindəki təxribatlardan da söz açaraq, BMT-yə üzv olan bir dövlətin bu cür addımlarına qarşı sərt reaksiya verilməsinin zəruriliyini qeyd etdi. Eyni zamanda, dövlət başçısı Ermənistanı yeni təxribatlardan əl çəkməyə dəvət etdiyini bəyan etdi. Biz artıq Ermənistanla müharibə vəziyyətindəyik. Gərginliyin artması və təxribatların təkrarlanmasına görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək”.

Murad İbrahimli