Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) 75 illiyi münasibətilə yüksək səviyyəli görüş keçirilir. Video-formatda keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Bu barədə Unikal.org-a açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, ölkə başçısının bu mötəbər tədbirdə çıxış etməsi, önəmli mesajlar verməsi mühüm hadisədir:

“Öncə onu qeyd edim ki, BMT-nin bu mötəbər tədbirində 182 çıxış nəzərdə tutulur. Azərbaycanda 6-cı çıxış imkanının verilməsi dünya dövlətlərinin, o cümlədən BMT-nin İlham Əliyevə hörmətin təzahürü kimi qiymətləndirmək olar. Bildiyiniz kimi, Prezidentimiz Qoşulmama Hərəkatının sədridir. Çıxışının birinci hissəsini Qoşulmama Hərəkatının sədri kimi, ikinci hissəsini isə Azərbaycan Prezidenti kimi ölkəmiz haqqında danışdı. Dövlət başçısı çıxışının birinci hissəsində bir çox məqamlara toxundu. Xüsusilə vurğulamaq istəyirəm ki, cənab Prezident bütün dünyaya sülh mesajı verdi. Bununla yanaşı, ölkə başçısı beynəlxalq hüququn işlək mexanizm kimi ortada olmasının zəruriliyini vurğuladı. Bəzi beynəlxalq təşkilatların ikili standartlarla çıxış eləməsini qeyd edərək, insan hüquqlarının qorunmasının vacibliyini nəzərə çatdırdı. Bəzən görürük ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycana ikili standartlar rakursu ilə yanaşırlar, bizə qarşı qərəzli mövqedən çıxış edirlər. Ona görə də cənab Prezident bu məsələyə xüsusi yer ayırdı. Eyni zamanda, cənab İlham Əliyev multikultural dəyərlərin qorunması ilə bağlı da çağırış elədi. Qeyd etdi ki, koronovirus pandemiyası dövründə dünya ölkələrinin yardımlaşması da bu dəyərlərin vacibliyini bir daha ortaya qoydu. Qoşulmama Hərəkatının sədri kimi çıxışında terrorçuluğa və beynəlxalq cinayətkarlığa qarşı mübarizə ilə bağlı da mühüm mesajları da xüsusi qeyd olunmalıdır”.

Millət vəkili onu da qeyd edib ki, Prezident İlham Əliyev çıxışı zamanı Ermənistanın işğalçılıq siyasəti ilə bağlı da önəmli məqamlara toxunub: “Cənab Prezident qeyd elədi ki, BMT-nin qətnamələrinə baxmayaraq, Ermənistan 30 ildir ki, işğalçılıq siyasətini davam etdirir, bütün beynəlxalq hüquq normalarını pozur. Bundan əlavə, bildirdi ki, işğal olunmuş ərazilərimizdə terrorçu qrupları dəstəkləməklə Dağlıq Qarabağa erməni kökənli ailələrin, o cümlədən terroristlərin yerləşdirilməsi gələcəkdə region üçün böyük təhdidlərdir. Son dövrlər Ermənistanın törətdiyi təxribatlarda söz açan cənab Prezident bəyan etdi ki, Ermənistanın yeni ərazi iddiaları, terrorizmə dəstəyi dünya ölkələrinə də bir mesaj olmalıdır”.

Murad İbrahimli