“Prezident İlham Əliyevin milli mətbuatımıza verdiyi müsahibə bir neçə səciyyəvi xüsusiyyəti ilə tarixi müsahibə hesab edilə bilər”.

Bunu Unikal.org-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, bunlardan biri ölkə başçımızın bütün sahələr üzrə ensiklopedik bilgilərə malik olması və aldığı siyasi qərarlarda, məhz onlara istinad etməsi reallığıdır ki, ona görə də bunlar milli maraqlarımızın realizə olunmasında ən doğru qərarlar olur: “Xüsusən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi kimi mürəkkəb, manipulyasiyaya açıq bir məsələdə nə qədər doğru siyasət apardığını və xalqının maraqlarına necə xidmət etdiyini ortaya qoydu: "Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz". 

Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan praqmatik xarici siyasət, o cümlədən müstəqil enerji strategiyası ölkəmizin dünya siyasətində mövqeyinin güclənməsini, regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verməsini təmin edib, eyni zamanda, respublikamızın çoxşaxəli əlaqələrinin genişlənməsini şərtləndirib. 

Hər şeydən əvvəl, öz gücünə və nüfuzuna arxalanan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində prinsipal mövqe nümayiş etdirir, qətiyyətli mövqeyindən bir addım da geri çəkilmir və çəkilməyəcək. Amma bununla yanaşı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə hiyləgər siyasətinə qoşulmaq niyyətində deyil. Sirr deyil ki, Ermənistanın rəhbərliyi müxtəlif manipulyasiyalar, cəfəng bəyanatlarla danışıqlar prosesini pozub. Və bu gün də hərbi-siyasi xarakterli təxribatlarını davam etdirir. Heç şübhəsiz, Ermənistanın bu təxribatlarının bir neçə səbəbi var. Birincisi, sülh danışıqlarını pozmaq, beləliklə də, Azərbaycanı qondarma iddialarla ittiham etmək, nəticə etibarilə, status-kvonu dəyişməz saxlamağa nail olmaq.

Famil Fərhadoğlu