"Bizə asan olmadı. Qələbə qazanmaq istəyirdik. Bir xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Motivasiyalı komandaya qarşı oynadıq. Bu, məni sevindirdi. Oyunçular sərt oyunu hiss etdilər. Artıq qarşıdakı oyuna hazırlaşmalıyıq".

Unikal.org xəbər verir ki, bunu "Qarabağ"ən baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının II turunun "Keşlə" ilə səfər oyunundan (0:0) sonra mətbuat konfransında deyib.

O bildirib ki, Bədavi Hüseynovu riskə atmaq istəmədiyi üçün əvəzləyib:

"Yorğunluq var idi. Ümid edirik, heç nə olmaz. Mahirin əvəzlənməsi planda yox idi. Xayme Romero zədəli idi, 10 gündür məşq etmirdi. Sabah, ya birigün məşqlərə başlayacaq. "Molde" ilə oyunda oynamaya bilər. Mahirin zədəsi ciddi görünür. Sabah daha dəqiq bilinəcək".

48 yaşlı mütəxəssis UEFA-nın Çempionlar Liqasının III təsnifat mərhələsinin Norveç "Molde"si ilə oyununun Kiprə salınması barədə fikirlərini bildirib: "Bizə təsir edən oyuna 1 həftə qalmış qərar verilməsi oldu. Ev komandası olduğumuzdan təşkilati işlər bizə düşür. Başqa yolumuz yoxdur. İnanıram ki, futbolçular maksimum motivasiya ilə oynayarlar. Amma bu, mənfi nəticə də verə bilər. Futbolçular istəklidir".

O, "Molde"nin "Qarabağ"la oyun üçün 8 hücumçu sifariş etməsinə münasibət bildirib: "Meydana 2-3 forvard çıxacaq. Biz sırf ön xətt oyunçularına yox, bütün komandaya qarşı hazırlaşacağıq".