"Dəyənəyin iki başı var"
"Dəyənəyin iki başı var"

Yaşar Cəfərli: "Rus qoşunlarının Azərbaycandan getməyinin nəticəsi bu oldu ki, Dağlıq Qarabağ münaqişəsində böyük əraziləri itirdik"

Rusiya rəsmi olaraq Qəbələ RLS-dən imtina etdi. Bu addım politoloqlar və siyasətçilər tərəfindən ciddi şəkildə təhlil edilməyə başlanıb. Müstəqil hərbi ekspert, "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri, polkovnik-leytenant Yaşar Cəfərli ilə bu günki söhbətimiz də bu barədə olacaq.

-Yaşar bəy, Rusiya Qəbələ RLS-dən imtina etdi. Azərbaycan bu imtinadan nə qazandı, nə itirdi?
-Məncə, tələsmək lazım deyil. Çünki tam təhvil-təslim hələ başa çatmayıb. "Azərbaycan nə itirdi, nə qazandı" söhbətinə gələndə, doğrusu, burada bir çox versiyalar var. İctimai rəydə belə fikirlər var ki, ətraf mühitə dəyən ziyanın qarşısı artıq alınmaq üzrədir. Bu, qazanc kimi qəbul edilir. Bu da çox böyük siyasi məsələ kimi hesab edilir ki, Azərbaycan neçə əsr bundan əvvəl başlanmış rus işğalı faktına, rus əsgərinin Azərbaycanda olmasına son qoydu. Ata-babalarımız uzun zaman buna qarşı mübarizə aparmışlar və buna yalnız indi son qoyuldu. Bu da bir qazanc kimi qəbul edilir. Qəbələ RLS artıq tam şəkildə Azərbaycanın mülkiyyətinə çevrilir. Onsuz da o bizim mülkümüz idi, amma rusların əlindəydi, bundan sonra isə Azərbaycan o mülkdən öz bildiyi kimi istifadə edəcək. Bu qazanclar sayını çox artırmaq olar. Əvvəllər hamımız düşünürdük ki, ölkədəki vəziyyət hansı şəkildəsə dəyişərsə, Rusiya oradakı canlı qüvvədən Azərbaycana qarşı hansısa formada istifadə edə bilər. Bu təhlükənin də qarşısı alındı. Eyni zamanda Rusiyanın Azərbaycana təsir imkanları bir az da azaldı. Amma "Nə itirdik?" məsələsinə gələndə bunu da gizlətməməliyik ki, itirdiyimiz məqamlar da var. Siyasi cəhətdən yanaşsaq, düşünürəm ki, ruslar Qəbələdə olduqca biz bu faktdan hər zaman bir kart-balans kimi istifadə edib Rusiyaya təsir imkanlarına malik olurduq. Bu təsir RLS-in icarə vaxtının uzadılması və ya icarə haqqı formasında olurdu. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də Azərbaycan bu kartdan yararlanmağa çalışırdı. Bu faktdan həm də Ermənistanın təcavüzkar mövqeyinin zəiflədilməsi üçün müəyyən variantlarda istifadə edilirdi. Biz bu imkandan da məhrum olduq. Rusiya çox iddialıdır ki, regionda öz imkanlarını genişləndirsin və yaxud SSRİ dövründəkinə çatdırsın. Azərbaycan Rusiyaya deyə bilirdi ki, "Biz də sizin üçün müəyyən imkanlar yaratmışıq və bunlardan biri də Qəbələ RLS-dir". Digər variantda Rusiya Azərbaycana Qərblə yaxınlıq səbəbindən təzyiq edəndə, NATO-ya görə qısqanclıq edəndə Azərbaycan tərəfi deyə bilirdi ki, "Biz sizin də maraqlarınızı gözləyirik". Yəni Azərbaycan hökümətinin apardığı balanslaşdırılmış siyasət təhlil edilərkən və yaxud da Rusiya hökuməti ilə danışıqlar aparılarkən balans qorunurdu. Hesab edirəm ki, bu məqamda da nələrisə itirdik. İqtisadi baxımdan da itkimiz oldu. Azərbaycan faktiki olaraq oradan birbaşa ödəniş kimi müəyyən məbləğ əldə edirdi. Bundan başqa, yerli əhali oradan hansısa qazanclar əldə edirdi. Yerli icra strukturları RLS-ə nələrisə satırdı, kommunal xidmətlər göstərilirdi. Məncə, RLS həmin ərazidə bəzi infrastrukturların inkişafına da səbəb olurdu. Biz bu imkanları da itirdik. Qəbələ RLS Rusiyanın icarəsində olanda regionda maraqları olan Avropa İttifaqı, NATO və s. Azərbaycana daha çox can atırdılar və bizə güzəştlərə getməyə çalışırdılar ki, Azərbaycan Qəbələ RLS-nin bağlanması məsələsində Rusiyaya qarşı daha sərt mövqe tutsun. Beləliklə, biz beynəlxalq qurumlar qarşısında müəyyən avantajlar əldə edə bilirdik. RLS-in ərazimizdə olması İran-Azərbaycan münasibətlərinə də müsbət təsir göstərirdi. Çünki Rusiya İranı daim dəstəkləyir. Mənə elə gəlir ki, bundan sonra İran da bizə qarşı xeyli sərtləşəcək.
-Şərhinizdən belə anladım ki, Qəbələ RLS-in bağlanmasından sonra itkilərimiz qazanclarımızdan çox olacaq…
-Doğrusu, mən bu nisbəti 50:50 kimi qiymətləndirirəm. Yəni eyforiyaya düşüb bunu qələbə kimi dəyərləndirmək, rusların Azərbaycandan tam getməsi kimi qəbul etmək düzgün deyil. Baxmayaraq ki, biz həmişə buna can atırdıq. Dəyənəyin iki başı var da. Xatırlayırsınızsa, 92-93-cü illərdə rəhmətlik Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində cəhd edilirdi ki, rus qoşunları Azərbaycandan çıxardılsın. Rus qoşunlarının Azərbaycandan getməyinin nəticəsi bu oldu ki, Dağlıq Qarabağ münaqişəsində böyük əraziləri itirdik. Ruslar getməklərinin əvəzini bu formada çıxdılar. Sözün düzü, mən indiki vəziyyətə bir qədər ehtiyatla yanaşıram. Mənə elə gəlir ki, Azərbaycan hökuməti bu addımı atmaqla bütün variantları hesablayıb, mümkün risqləri nəzərə alıb. Amma həm də daxilən qorxuram ki, birdən nələrsə nəzərə alınmaz və Rusiya bizə başqa sahələrdə ziyan vurmağa çalışar və yaxud hərbi müdaxiləyə meyllənər. Bunu bir tərəfdən də təhlükə kimi qəbul edirəm. Bu faktın milli şüura təsiri güclü olacaq, amma mümkün təhlükələri də gözardı etmək olmaz.
-Ermənistanın Müdafiə Nazirliyi iddia edir ki, bu ölkə RLS quraşdırmaq üçün olduqca münasibdir və Rusiya bundan yararlana bilər… Bu, Azərbaycana qarşı psixoloji jestdir, yoxsa belə bir variant mümkündür?
-Qəbələ RLS-lə bağlı danışıqlar başlayandan bəri Ermənistan rəsmiləri bir neçə dəfə belə bəyanatlarla çıxış ediblər. Ermənistan maraqlıdır ki, Azərbaycanı üstələsin və bu baxımdan özünə tərəfdaş kimi ilk növbədə Rusiyanı hesab edir. Ermənistan bundan faydalanıb özünə daha geniş imkanlar yaratmağa cəhd edir. Amma məsələnin bu tərəfi də var ki, indiki məqamda Ermənistan hökuməti bunu, necə deyim, təklif etməsəydi, başqa cür qəbul olunardı. Bu məqamda bu təklifi irəli sürmək lazımdır. Yəni Ermənistan bir daha nümayiş etdirməyə çalışır ki, "Rusiya biz sənin müttəfiqinik, sizin üçün hər bir şərait yaratmağa hazırıq". Xülasə, Ermənistan bu tip bəyanatlarla özü üçün həm ictimai rəydə, həm də Rusiyanın gözündə hər cür avantajlar qazanmağa səy göstərir. Ermənistan bu situasiyadan daha çox dividend əldə etməyə meyllidir. Amma Ermənistanda RLS tikintisi nəzəri cəhətdən mümkün olsa da, Rusiyanın bunu gerçəkləşdirməyə maliyyə imkanları yoxdur. Rusiyaya siyasi baxımdan da maraqlı olar ki, Ermənistan ərazisində daha da möhkəmlənsin. Amma yadda saxlayaq ki, Armavirdə tikilmiş RLS artıq fəaliyyətdədir və güman ki, Ermənistanın "qonaqpərvərliyi" elə qonaqpərvərlik cəhdindən başqa bir şey olmayacaq. Hərbi nöqteyi-nəzərdən də hesab edilir ki, Armavir ərazisində qurulan RLS bütün imkanlara malikdir. Rusiya cənubda RLS tikmək niyyətində olanda ən yaxşı ərazi kimi Azərbaycanı seçmişdi. Bu baxımdan Ermənistan ərazisi lazımi tələblərə cavab vermirdi. İndi də mən belə başa düşürəm ki, Rusiyanın bir çox rəsmiləri Ermənistanı özlərinin forpostu saysalar da, RLS-i məhz Armavirdə tikməyi planlaşdırdılar. Deməli, Ermənistan bu baxımdan məqbul məkan hesab edilməyib. Ona görə də hesab edirəm ki, Rusiyanın dövlət başçıları və hərbi dairələri Ermənistanın istəyinə müsbət cavab verməyəcəklər.
-Qərb dövlətləri və Avroatlantik strukturları hələ ki sözügedən faktla bağlı susur və heç bir şərh vermirlər. Qərbin bu sükutu nə ilə izah edilə bilər? Qərb dövlətləri niyə bu bazadan istifadə etmək marağında olmadı?
-Bu, təkcə Sizi yox, bir çoxlarını təəccübləndirir. Bununla bağlı müxtəlif versiyalar irəli sürülür. Versiyalardan biri budur ki, yəqin ki, arada hansısa razılaşma mövcuddur.
-Qərblə Rusiya arasında?
-Qərb-Rusiya-Azərbaycan arasında. Siz bilirsiniz ki, Rusiya bu RLS-dən şərikli istifadə barədə Qərb dövlətlərinə dəfələrlə təkliflər vermişdi. Putin əvvəlki prezidentlik dönəmində də bu təkliflə çıxş etmişdi. Amerikanın və NATO-nun generalları hətta Qəbələyə gəlib obyektə yerində baxış keçirmişdilər. Onlar o zaman demişdilər ki, bu RLS-dən birgə istifadə mümkün deyil, çünki texniki nöqteyi-nəzərdən burada böyük işlər aparılmalıdır. Bu işləri həyata keçirtmək üçün isə çoxlu maddi vəsait tələb edilirdi. Bununla belə, birgə istismar barədə söhbətlər gündəmdən düşmürdü. Hətta o zaman Azərbaycanda böyük bir eyforiya yaranmışdı ki, birgə istifadə yönündə konkret addım atılarsa, regionda Azərbaycanın imkanları daha da genişlənəcək. Amma prezident Putinin bütün canfəşanlıqlarına baxmayaraq son nəticədə heç nə əldə edilmədi. İndiki mərhələdə isə Qərbin susması bunu ehtimal etməyə əsas verir ki, ortada nəsə razılaşma var. Hamı düşünürdü ki, ruslar Qəbələdən gedəndən sonra Qərb strukturları bu şansdan dərhal istifadə edəcək. Amma dünyada başqa məqamlar da ortalığa çıxıb. Superdövlətlər artıq anlayırlar ki, hər yerdə olmaq heç də sərfəli vəziyyət deyil. Bunun astarı üzündən baha başa gəlir. Ərəb inqilablarından sonra bu düşüncə tərzi daha da konkretləşib.

Söhbətləşdi: Savalan