Bu gün səhər saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Dəvədabanı yaşayış massivi ətrafında olan dağlıq ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Unikal.org-a verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının alınmasında FHN-nin əməkdaşları ilə birlikdə fəal iştirak ediblər.

Əsasən fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan RPŞ-nin və FHN-nin əməkdaşları hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların miqyasının böyüməsinin qarşısını vaxtında alıblar.

Yanğının baş vermə səbəbləri araşdırılır.