Avqustun 10-da Lənkəran ŞİH başçısı Taleh Qaraşov inzibati ərazi dairələrindəki nümayəndələr, bələdiyyə sədrləri və aidiyyəti təşkilatların rəhbərlərinin iştirakı ilə növbəti videogörüntülü müşavirə keçirib. 

ŞİH-dən Unikal.org-a verilən xəbərə görə, müşavirədə rayonda koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gedişi, çimərliklərdə təhlükəsizlik və sanitariya qaydalarına əməl olunması vəziyyəti geniş müzakirə olunub.

Müşavirədə çıxış edən icra başçısı rayonda koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsinin, ev şəraitində müalicə alan koronavirus xəstələrinin  nəzarətsiz qaydada sərbəst hərəkətinə imkan verilməməsinin vacibliyini diqqətə çatdırıb. Natiq çimərlik mövsumunə icazənin verilməsi ilə əlaqədar dənizsahili ərazilərdə sanitariya-epidiomoloji vəziyyətin daim nəzarətdə saxlanılmasını, bununla əlaqədar yaradılmış komissiyanın fəaliyyətinin gücləndirilməsini, sanitariya normalarının pozulması hallarına qarşı sərt cəza tədbirlərinin görülməsini tövsiyyə edib. 

Əlaqədar məsul şəxslərdən qeyd olunanlara ciddi şəkildə əməl olunmasını tələb edən İcra başçısı, eyni zamanda rayon ictimaiyyətini bir daha ölkə vətəndaşlarını koronavirus infeksiyasından qorunmaq məqsədilə dövlət səviyyəsində qəbul edilən qərarların icrasında yaxından iştirak etməyə, tibbi-mühafizə vasitələrindən, maskalardan istifadə etməyə, təmas zamanı sosial məsafəni gözləməyə çağırıb.