"Bir il əvvəl Pirşağıda məşhur 5 villanın dənizə doğru uzanan hasarlarının bir hissəsinin söküldüyünü yazmışdım və bu mediada geniş işıqlandırılmışdı. Həyatımda ilk dəfə ötən il dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Kubikdən tikilən hasarların dənizə uzanan hissəsinin ən azı 20 metr arasında söküldüyünü müşahidə etdim".

Unikal.org xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu "Facebook" hesabında yazıb: "Bu il Pirşağıya qayıtdıqda gözümə inanmadım. Dənizin suyu azaldığından həmin villaların sahibləri az qala dənizin ortasına qədər hündürlüyü 3 metrə yaxın dəmir dirəklər basdırmışdılar. Bu adamlar dövlətə və millətə meydan oxuyaraq “biz qanundan güclüyük” demək istəyirdilər. 

Ancaq bu gün daha bir sürpirzlə qarşılaşdım. Bu gün dənizin sahilində gəzişdikdə gördüm ki, dünən gördüyüm dəmir dirəklər yenidən dibindən sökülüb, dəniz sahilində təmizlik işləri görülürdü.

Yenə sevindim. Buna baxmayaraq, o qədər də ümidli deyiləm. Dövlətə və millətə meydan sulayan həmin təbəqə yay bitdikdən sonra villası ətrafında dənizə çıxışı yenidən bağlamağa çalışacaq".

Unikal.org-un əldə etdiyi məlumata görə, villalardan biri "AZAL"ın prezidenti Cahangir Əsgərova məxsusdur.