Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.

Unikal.org xəbər verir ki, COVID-19 sahəsində çalışan 6 italiyalı tibb mütəxəssisi avqustun 3-də Azərbaycana gəlib. İtaliyalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.

İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Umberto Boeri jurnalistlərə müsahibəsində Azərbaycan və İtaliya arasındakı münasibətlərin inkişaf etdiyini bildirib: “Bu gün Mülki Müdafiə İdarəsinin tibbi heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi bir reyslə Bakıya gəldi. Komanda Piemonte, Toskana, Valle d'Aosta regionlarından və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.