“Azərbaycanda epidemioloji vəziyyət demək olar ki, sabitləşib. Aşkar görünür ki, son bir ay ərzində xəstələrin sayında xeyli azalma baş verıb. Son iki həftə ərzində yeni yoluxma hallarının 27 faiz azalması müşahidə edilir. Virusa yoluxmaların sayında azalma baş verməsi vəziyyəti nəzarət altında saxlamağa imkan verir".

Unikal.org xəbər verir ki, bu barədə ÜST Avropa regional bürosunun yoluxucu xəstəliklər şöbəsinin mütəxəssisi Şahin Hüseynov deyib. Ş. Hüseynov bildirib ki, epidemioloji tədqiqat aparmaq üçün yeni xəstələnmə hallarının sayı vacibdir: "Sağalanların sayı kliniki faktordur. Bu, onu göstərir ki, xəstəxanalarda müalicə prosedurları düzgün aparılır və xəstələnənlər sağalırlar. Karantin rejiminin yumşaldılması və başqa ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsinə qərar vermək üçün yoluxanların, xəstələnənlərin, testlərin və testlər arasında pozitiv nəticələrin sayı nəzərə alınır. Həmin amillər çox vacib və mühüm məsələdir.

Xüsusi təyinatlı xəstəxana və çarpayıların sayı koronavirusla ümumi mübarizə strategiyasının əsas amillərindən biridir. Azərbaycanda 10 minə yaxın xüsusi, o cümlədən intensiv xidmət, yəni reanimasiya çarpayısı mövcuddur. Yaxın vaxtlarda daha 5 xəstəxana istifadəyə verilməlidir. Bu, hər cür alqışa layiqdir. Xəstəxana və çarpayıların sayının çoxluğu səhiyyə sisteminin üzərinə düşən yükü azaldır. Lakin təlim keçən həkim və tibb işçilərinin sayı daha da artırılmalıdır”.