"AXCP xaricdəki qüvvələrə işləyir. Əgər onlar ölkədə iqtidar-müxalifət münasibətlərinin normallaşmasının əleyhinədirlərsə, deməli, xaricdəki müəyyən qüvvələrin maraqlarına xidmət edirlər". Bu fikirləri “Unikal” qəzetinə müsahibə verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.   

Unikal.org ADP sədrinin müsahibəsini tədim edir.

-Sərdar bəy, bir müddət öncə başlanan iqtidar-müxalifət təmaslarını necə qiymətləndirirsiniz? Sizcə, proses hansı nəticələrə gətirib çıxaracaq?

-Bunu iqtidar-müxalifət münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan irəliyə doğru bir addım kimi dəyərləndirmək olar. Amma bu siyasət ardıcıl aparılmalıdır, dərinləşməlidir, genişləndirilməlidir. Eyni zamanda,getdikcə daha çox siyasi yükə malik olmalıdır.O zaman iqtidar-müxalifət münasibətlərinin tənzimlənməsinin əhəmiyyəti ola bilər. Əks halda, bu proseslər formal qaydada aparılarsa, bu cür tədbirlər ölkədə heç bir ictimai-siyasi dəyişikliyə gətirib çıxara bilməz. 

-Amma bu təmasların mənasız olduğunu düşünən və bu görüşdən imtina edən müxalifət qüvvələri də var. Məsələn, AXCP və Milli Şura..

-Ümumiyyətlə, iqtidar-müxalifət münasibətlərinin yaxşılaşmasına mane olan, istər iqtidardakı, istərsə də müxalifətdəki qüvvələr xarici dövlətlərin maraqlarına xidmət edirlər. Bunu ya bilərəkdə, ya da bilməyərəkdən edirlər. 

-Sözünüzdən belə çıxır ki, AXCP xarici qüvvələrə işləyir?

-Bəli. AXCP xaricdəki qüvvələrə işləyir. Əgər onlar ölkədə iqtidar-müxalifət münasibətlərinin normallaşmasının əleyhinədirlərsə, deməli, xaricdəki müəyyən qüvvələrin maraqlarına xidmət edirlər. Bu gün Azərbaycanda siyasi münasibətlərin normal məcraya gəlməsinə, iqtidarla müxalifətin bir masa arxasında müzakirələr aparmasına ehtiyac var. Bu, ölkənin maraqlarına uyğundur. Kim bunun əleyhinədir? Azərbaycanı istəməyən qüvvələr. Deməli, hansı siyasi qüvvə bu siyasətin daşıyıcısıdırsa. Onda, Azərbaycanın maraqlarına zidd gedir.

-Axı, onların da müəyyən arqumentləri var...

-Onların heç bir arqumenti ola bilməz. Dünyada, hətta vətəndaş müharibəsi olmuş ölkələrdə belə, iqtidarla müxalifət arasında münasibətlər olur, təmaslar yaranır. Düzdür, hərənin öz yolu, öz taktikası var, amma ümumi maraq olmalıdır. İndi hərə başının üstünə Məhəmməd Əmin Rəsulzadənin şəkilini vurub, özünü onun davamçısı hesab edir. Rəsulzadə deyirdi ki, hətta kommunistlər bizi qırsa belə, Müsavatla kommunistlərin ittifaqı olmasa, müstəqil Azərbaycan dövlətini yaratmaq mümkün deyil. Yəni, hakimiyyətdəkilər bizə güllə atıb ki, onlarla bir masa arxasında oturmayaq? Biz iqtidarın korrupsiyasından, seçkini saxtalaşdırmasından narazıyıq. Amma Rəsulzadə deyirdi ki, müstəqil dövlət qurmaq üçün ən ziddiyyətli qüvvələr bir araya gəlməlidir. Bir tərəfdən özlərini Rəsulzadənin davamçıları hesab edirlər, o biri tərəfdən də Rəsulzadənin dediklərinin əksinə gedirlər. 

-Sərdar bəy, hakimiyyətlə dialoqa getməyə hazır olan müxalifət öz içində bir razılığa gələ bilmir. Bəs buna nə deyirsiz?

-Çünki Azərbaycan müxalifətinin bəzi qollarını “5-ci kalon” təşkil edir. Onlar Azərbaycanda nə müxalifətin bir araya gəlməsinə razıdırlar, nə də iqtidar-müxalifət dialoqunun baş tutmasını istəyirlər. Bunlar həm iqtidar- müxalifətin, həm də müxalifətin öz arasındakı münasibətlərin normallaşmasının əleyhinədirlər. 

-Son günlər hakimiyyət nümayəndələri ilə ən çox debata Siz çıxırsız. Mübahisələr olur deyə, Sizi qalmaqal yaratmaqda ittiham edirlər...

-Mən, ümumiyyətlə, bu cür fikirlərə reaksiya vermirəm. Çünki onların əksəriyyəti trol və digər mənasız adamlardır. Təbii ki, mənim fikrim Quran ayəsi deyil ki, hamı razılaşsın. Razılaşmayanlar, qəbul etməyənlər ola bilər, bu da normaldır. Yəni, istənilən insanın fikirlərinin tərəfdarları da, əleyhdarları da olur. Kimlərsə anonim şəkildə etikadan kənar, arqumentsiz, gic-gic şeylər yazırsa, onlara əhəmiyyət verməyin mənası yoxdur. Ağlı başında olan adam mənim fikirlərimə qarşı arqumentlə çıxış edərsə, mən onu alqışlayaram. Çünki cəmiyyətdə inkişaf o zaman olacaq ki, fikirlərdə ziddiyyətlər olsun, ziddiyyətlərin həlli isə cəmiyyətin inkişafına xidmət eləsin. 

-Bir neçə gün öncə YAP-çı deputat Elman Nəsirovla debatınızı və ona olan münasibətinizi izlədim. Axı, deyəsən, hakim partiyanın nümayəndələri ilə sözünüz düz gəlmir. Dialoqun axırı necə olacaq?

- İndi pisdir, yaxşıdır, Azərbaycan reallığı budur. Azərbaycanda seçkilərin saxtalaşdırılması, siyasi cəhətdən savadsızlıq, dövlətə bağlı olmayan adamların hakimiyyətdə yer alması ciddi problemlərdir. Ona görə də biz məcburuq, iqtidarla dialoqa hazırıqsa, Elman Nəsirovu da qəbul eləməliyik, o birisini də, bu birisini də. 

-Yaxşı. Siz istədiyiniz dialoq baş tutanda hakimiyyətdən əsas istəyiniz nədən ibarət olacaq?

-Mənim üçün əsas məsələ Qarabağ probleminin həllidir. Ona görə də hakimiyyətlə dialoqda da öncə bu məsələni qaldıraram. Mənim üçün iqtidar-müxalifət dialoqunun prioritet mövzusu Dağlıq Qarabağ mövzusu olmalıdır. 

-Münaqişənin həlli yolunu nədə görürsünüz?

-Həm hərbi, həm də danışıq yolu ilə. Hər iki yol gedilməlidir. Burada yolların biri ilə getmək yanlışdır. Ağıllı kişi malını bir gəmiyə yükləməz. Həm hərbi, həm danışıq yolu hər zaman gündəmdə olmalıdır. Türklər demişkən, həm sahədə, həm masada savaşmaq lazımdır. Sahədə nailiyyət əldə eləməsək, masada naliyyət əldə edə bilmərik. Yəni, hərbi yolla nailiyyət əldə eləməsək, danışıqlarda irəliyə getmək mümkün olmayacaq.    

-Konkret təklifiniz nədir?

-Əvvəlcə müharibə eləməliyik. Bir neçə rayonu geri almalıyıq. Sonra ermənilərə deməliyik ki, indi gəl masa arxasında müzakirə edək, ya da beynəlxalq hüquqa uyğun olaraq, rədd ol öz xarabanda ol. İkisindən biri olmalıdır.

-Amma bəzi hakimiyyət nümayəndələri də iddia edir ki, Azərbaycan müharibəyə başlasa, rəsmi və qeyri-rəsmi təzyiqlərə məruz qalacaq...

-Nə təzyiq olur-olsun. Bir xalq öz torpağını işğaldan azad eləmək üçün təzyiqlərə məruz qalmağa hazır deyilsə, o torpaqda yaşamağa haqqı yoxdur. Dünya Ermənistana təzyiq edir. Amma işğalçılıq siyasətini davam etdirir. İndi bizə təzyiq edəcəklər deyə, torpaqlarımızı azad etməməliyik? 

-Bəs cəmiyyət dediyiniz situasiyaya hazırdır?

-Azərbaycan cəmiyyəti torpaqlarını işğaldan azad etmək üçün müharibəyə tam hazırdır. Heç kim özünü də, övladını da bu məsələdə geri çəkməyəcək. Aprel döyüşləri də bunu sübut eləmişdi. 

-Bəs dediyiniz, xaricə işləyən qüvvələr?

-Artıq xarici qüvvələrin təmizlənməsi prosesi başlayıb, bu prosesi intensivləşdirmək lazımdır. Müharibə başlayan ərəfədə ölkədəki o agentura şəbəkəsi ifşa olunacaq. O zaman siyasi qüvvələr də, cəmiyyət də bu prosesə yardımçı olmalıdır.

-Müharibə həm də iqtisadi güc tələ edir...

-Azərbaycan xalqı 10 il də kasıb yaşamağa hazırdır. Təki müharibə başlasın, torpaqlar işğaldan azad olunsun. Dövlətin imkanı olmazsa, xalqa müraciət edər, kimin əlində nə varsa, ortaya qoyub müharibəyə başlayarıq və qələbə qazanarıq. Əslində, bunların hamısı bəhanədir. Azərbaycanın iqtisadiyyatı imkan verir ki, 4 dəfə Qarabağı işğaldan azad eləsin.