Mingəçevirdə Yeni Həyat qəsəbəsində qətl hadisəsi törədilib.

Mingəçevir Şəhər Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, iyunun 21-də saat 05 radələrində Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Birliyant Hacıyevanın yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə  məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuşdur.
İlkin istintaqla hadisənin zərərçəkmişin oğlu, 2003-cü il təvəllüdlü Elmir Hacıyev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elmir Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.