İyunun 17-də Tovuz rayonunda 1993-cü il təvəllüdlü Tacəddin Həsənovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla T.Həsənovun Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, rayon sakini Rafiq Əliyevə məxsus fərdi yaşayış evində suvaq işləri aparan zaman ehtiyyatsızlıqdan elektrik naqillərinin üzərinə su atması nəticəsində elektrik cərəyanı vurmasına məruz qalaraq ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.