Türkiyədə yaşayan iş adamı, ARS SPOR şirkətinin rəhbəri Elşən Rəsulov Almaniyada fəaliyyət göstərən “AZE NAKHCHIVAN-KÖLN” SK Futbol Klubuna dəstək verib.

Bu barədə klubun mətbuat xidmətindən Unikal.org-a məlumat verilib. Belə ki, o, yeni yaranmış kluba Kölndə süni ot örtüklü stadion inşa etmək arzusunda olduğunu bildirib. Klubla razılıq baş tutandan sonra klub rəhbərliyi stadionun inşası Köln Şəhər Bələdiyyəsi ilə danışıqlara başlayıb. Texniki məsələlər Köln bələdiyyəsi ilə razılaşdırılıb.

Qeyd edək ki, mütəxəssislərin bildirdiyinə görə, belə bir stadionun Kölndə tikintisi 800 000 avroya başa gəlir.

Onu da bildirək ki, Elşən Rəsulov öz sahəsində uğur qazanmış gənc iş adamıdır. O, Türkiyənin İstanbul şəhərində idman komplekslərinin inşası ilə məşğul olan ARS SPOR şirkətinin sahibidir. Bu şirkət indiyə qədər dünyanın 70-dən çox ölkəsində futbol, basketbol, tennis, golf və sait idman növləri üçün nəzərdə tutulmuş komplekslər inşa edib.

Elşən Rəsulov Avropada tanınan, Belçikada yerləşən nüfuzlu ULB Universitetini bitirib.