Hindistanın Uttar-Pradeş ştatında qeyri- adi hadisə baş verib.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, Hindistanın Mirut şəhərində koronavirus testi üçün alınan qan nümunələrini laboratoriyaya aparan bir işçiyə küçədə meymunlar hücum edib. Daha sonra isə onlar 3 test nümunəsini işçinin əlindən oğurlayaraq qaçıblar. Hindistan mətbuatında yayılan videoların birində isə meymunlardan birinin ağaca çıxaraq test dəstlərini çeynədiyi görüntülənib.

Həkimlər nümunələrdə koronavirus olduğu təqdirdə, xəstəliyin meymunlara ötürülə biləcəyindən narahatdırlar. Bildirilib ki, əvvəllər də meymunların bu mərkəzdən müxtəlif əşyaları oğurlamaqları müşahidə olunub. Polis test dəstlərinin meymunlar tərəfindən oğurlandığını təsdiqləyib, ancaq meşə departamentinə xəbər verilməsinə baxmayaraq, onların hələ də tutulmadığı bildirilib.

Bölgə rəhbərliyi hadisə ilə bağlı istintaq başladıb.