Onlayn blits şahmat üzrə açıq Fransa çempionatı keçirilib.

Unikal.org xəbər verir ki, 700-dən çox şahmatçının qatıldığı yarışda Azərbaycan qrossmeysterləri də mübarizə aparıblar.

İsveçrə sistemi ilə keçirilən ilk mərhələ 15 turdan ibarət olub. İlk 16 yerin sahibi final mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan şahmatçılarından yalnız üçü həlledici raunda çıxıb. Eltac Səfərli 4-cü, Qədir Hüseynov 5-ci, Rauf Məmmədov 12-ci yeri tutub. Hər üç şahmatçı 11,5 xal toplayıb.

1/8 finalda Rauf Qədiri 1,5:0,5 hesabı ilə məğlub edib. Eltac isə Evgenios İoannidisi (Yunanıstan) üstələyib – 2:0. Növbəti mərhələdə yenə Azərbaycan dueli baş tutub və Rauf bu dəfə də 1,5:0,5 hesabı ilə qalib gəlib.

Yarımfinalda ilkin mərhələnin qalibi Vasili İvançuk (Ukrayna) üzərində 2:1 hesablı qələbə qazanan Məmmədov finalda Kristian Bauerlə (Fransa) görüşüb. 3:1 hesablı qələbə təmsilçimizə Fransa çempionu titulu qazandırıb.

Qeyd edək ki, turnirdə tanınmış şahmatçılardan Alireza Firuzya, gənclər arasında dünya çempionu Maksim Laqar, Fransa çempionu Sofi Milye kimi iştirakçılar da qüvvəsini sınayıb.