"Təkcə son 3 gündə imtina mesajı ilə bağlı bizə müraciət edən, işsiz və aztəminatlı olduqlarını və 190 manata ehtiyac duyduqlarını israrla bildirən 4400 vətəndaşımıza dəstək olmaq, 190 manatdan daha çox məvacibli, əmək müqaviləsi əsasında ödənişli ictimai işlər təklif etdik".

Unikal.org xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. O bildirib ki, lakin onlardan cəmi 21-i (0,5 faizi) bu işlərdə çalışmaq istədiyini bildirdi:

"Qalanı isə işləməkdən imtina etdi, hətta bu təklifə əhəmiyyət belə vermədilər.

Maraqlıdır: işsiz, aztəminatlı olduğunu deyən şəxs cəmi iki ay verilməsi nəzərdə tutulan 190 manatı niyə əmək müqaviləsi əsasında iş yeri qazanmaqdan üstün tutur?!

Bunun səbəbini iki amillə bağlamaq olar:

Ya həmin insanlar işsiz olduqlarını desələr də əslində gəlirsiz deyillər. Bu da onların 190 manata ehtiyaclarının olmadığını, onlara göndərilən imtina mesajlarındakı səbəblərin dəqiq müəyyən olunduğunu göstərir. Ya da həmin şəxslər sadəcə işləmək istəmirlər.

Bundan sonra da aktiv məşğulluq proqramlarımız getdikcə genişlənəcək və işləmək istəyən hər bir şəxsə bu proqramlara cəlb olunmaq imkanı yaradılacaq."