1941-1945 – ci illərin Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü ərəfəsində 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birgə mayın 6-da rayonun  Zeyvə kəndində yaşayan müharibə veteranı Misri Əsədovu ziyarət edib .

Unikal.org xəbər verir ki, müharibə iştirakçısının ailə üzvlərinin iştirakı ilə səmimi şəraitdə keçən görüşdə İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin əhəmiyyətindən   və Azərbaycanın bu qələbəyə verdiyi dəyərli töhfələrdən söz açılıb ,  Misri Əsədovun timsalında xalqımızın qəhrəman oğullarının keçdiyi döyüş yolu və göstərdikləri şücaət xatırlanıb.

Görüşdə millət vəkili və icra başçısı tərəfindən  ulu öndər Heydər Əliyevin  müharibə veteranlarına olan həssas münasibətinin hazırda   Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və onların dövlətin hərtərəfli qayğısı ilə  əhatə olunduğu  xüsusi vurğulanıb.

 Sonda  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin əməkdaşlarının iştirakı ilə  Misri Əsədova “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı , pul mükafatı və xatirə hədiyyələri təqdim edilib.

 Misri Əsədov  müharibə veteranlarına göstərilən diqqətə  görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib .