"Azərbaycan Xalq Cəbhəsi Ayaz Mütəllibovun hakimiyyətdən getməsində o qədər də maraqlı deyildi"
"Azərbaycan Xalq Cəbhəsi Ayaz Mütəllibovun
hakimiyyətdən getməsində o qədər də maraqlı deyildi"

Fəzail Ağamalı: "Ayaz Mütəllibovun müasir Azərbaycan siyasətində yeri yoxdur"

Son günlər ölkədə baş verən siyasi-ictimai proseslərlə bağlı suallarımızı Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı cavablandırır.

-Fəzail bəy, eks-prezident Ayaz Mütəllibov Azərbaycana qayıdanda daha siyasətlə məşğul olmayacağını bildirsə də, sözündən döndü. Və hazırda mətbuata verdiyi açıqlamalarda daha çox onun hakimiyyətdən getməsinin başlıca səbəbkarı olmuş milli-azadlıq hərəkatını və bu hərəkatın varisi olan indiki müxalifəti təftiş etməklə məşğuldur. Deməli, eks-prezident 92-ci ili unuda bilmir və Azərbaycandan apardığı "köhnə baqaj"la yenidən siyasətə qayıdır. Ağsaqqal kimi deyil, tərəf kimi qayıdır. Sizcə, onun qayıdışı Azərbaycanın siyasi mühitinə nə verə bilər?
-Hər halda şəxsən mən Ayaz Mütəllibovun yerinə olsaydım və onun taleyini yaşamalı olsaydım, siyasətlə birdəfəlik vidalaşıb memuar yazardım, yaşadığım evin həyətində bağbanlıqla məşğul olardım, ağac əkərdim. Yəni bir məşğulat tapardım ki, dedi-qodusuz, müxtəlif xarakterli yanaşmalardan uzaq bir ömür yaşayım. İndi əgər Ayaz Mütəllibov dediyindən fərqli olaraq yenidən siyasətə qayıdış üçün ilk addımlarını atırsa, mən tam məsuliyyəti ilə deyirəm ki, onun müasir Azərbaycan siyasətində yeri yoxdur. Ayaz Mütəllibov Azərbaycanın keçmişidir, kifayət qədər ziddiyyətli bir zamanın ortaya atmış olduğu ziddiyyətli bir insandır. O, bir əlində Sovet İttifaqının bayrağını tutmuşdu, o biri tərəfdən isə guya ki milli-azadlıq hərəkatına yardım göstərən siyasətçi təsiri bağışlamağa cəhd edirdi. Ona görə də onun bu mövqeyi Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə mənfi qarşılandı və elə xalqın iradəsi ilə də hakimiyyətdən uzaqlaşdırıldı. 1992-ci ilin fevralında baş vermiş olan Xocalı faciəsi onun hakimiyyətdən getməsində həlledici rol oynadı. Mən bunu da etiraf edim ki, əslində, o dövrdə Azərbaycan Xalq Cəbhəsi Ayaz Mütəllibovun hakimiyyətdən getməsində o qədər də maraqlı deyildi. Mən o hadisələrin iştirakçısı kimi bu sözləri tam məsuliyyəti ilə deyirəm. 1992-ci ilin mart ayının 5-də Ayaz Mütəllibovun prezidentlikdən istefası ilə bağlı Ali Sovetin binasının qarşısındakı mitinqlərin təşkilatçılarından biri də mən idim. Biz orada belə qərara gəldik ki, fasiləsiz, yəni davamlı aksiyalar keçirdək. Bu qərarın qəbul edilməsində Müstəqil Azərbaycan Partiyasının sədri Nizami Süleymanov, Azərbaycan Xalq Partiyasından Oqtay müəllim (familiyasını unutmuşam), Yunis Oğuz və Ana Vətən partiyası, AXC və Bakı və Kəndlər Birliyi, Demokratik Qüvvələr Birliyi iştirak edirdi. Bu sonuncu birliyi Məmməd İsmayıl, rəhmətlik Qasım Qasımzadə, Gündüz Cəlilov təmsil edirdilər. Biz qərara gəldik ki, fasiləsiz mitinqlərə başlayıb Ayaz Mütəllibovun istefasını tələb edək. Bu məqsədlə də Milli Məclisin binası önündə mitinqlər təşkil edildi. Mitinqlərə Bakı Kəndlər Birliyindən Məşədi Vaqif, Demokratik Qüvvələr Birliyindən isə Məmməd İsmayıl rəhbərlik edirdilər. Mənə təklif edildi ki, mitinqlərin aparıcılarından biri də mən olum, amma mən imtina edib dedim ki, mən tamamilə başqa bir funksiyanı yerinə yetirəcəyəm. Mən mitinqin kütləviləşməsində maraqlı idim. Belə də oldu. Mitinqin kütləviləşməsində rəhmətlik Xəlil Rza Ulutürkün komandasına daxil olan qadınlar xüsusi rol oynadılar. Onlarla söhbət etdim və bildirdim ki, Ali Sovetin binasını mühasirəyə almaq üçün yuxarı qalxın və qarşınıza polislər çıxarsa, onların müqavimətini qırıb irəli gedin. Belə də oldu. O hadisələrdə polisə Yaşar Əliyev rəhbərlik edirdi. Onu da deyim ki, Yaşar Əliyevlə Ayaz Mütəllibovun münasibətləri heç də müsbət deyildi. Buna görə də Yaşar Əliyev qadınların yuxarı qalxmasına loyal yanaşdı və ciddi müqavimət təşkil etmədi. Beləliklə, qadınlar binanın yuxarı mərtəbələrinə qalxdılar. Və sonra mitinqdəki qadınlara da müraciət etdim ki, hamısı yuxarı qalxsınlar. Sonra təklif etdim ki, kişilər də onlarla bərabər getsinlər və belə də oldu. Beləliklə, biz binanı otuz altı saat mühasirədə saxladıq və Ayaz Mütəllibovu istefaya göndərdik. Yəni Ayaz Mütəllibov bilmirsə, ilk mənbə kimi sizin qəzetinizi oxuyanda biləcək: bu, Azərbaycan xalqının Xocalı faciəsindən doğan nifrətinin, qəzəbinin məntiqi nəticəsi idi. Və həmin mitinqdə Azərbaycan Xalq Cəbhəsi iştirak etmirdi. Xatirimə gəlir ki, hətta Cəbhənin bəzi funksionerləri şəhərdən kənara gedərək mitinqin dağıdılmasını təklif edirdilər. Hətta məlumat var idi ki, hakimiyyətin bölüşdürlməsi söhbətləri gedirdi. Yəni Mütəllibov öz postunda qalır və Azərbaycan Xalq Cəbhəsi hakimiyyət bölgüsündə iştirak edir. İndi bunu Ayaz Mütəllibov, həmin hadisələrin gedişində xüsusi fəallığı ilə fərqlənən Pənah Hüseyn, İsa Qəmbər daha yaxşı bilər. Belə bir danışıqlar gedirdi və hər halda bizə də məlumatlar gəlib çatırdı. Düzmü idi, səhvmi idi, biz hər halda bu danışıqların reallaşmasına imkan vermədik. May ayında Ayaz Mütəllibov bir daha hakimiyyətə qayıtdı və bu zaman onun hakimiyyətdən uzaqlaşdırılmasında AXC həlledici rol oynadı. Bu, tarixdir. Ayaz Mütəllibov sadəcə olaraq başa düşməliydi ki, o, milli-azadlıq hərəkatının dalğalarının nəticəsində hakimiyyətdən uzaqlaşdırıldı. Və bu gün həmin hərəkatın üstünə getmək, onu ləkələmək düzgün deyil. Digər tərəfdən, Ayaz Mütəllibovun Heydər Əliyevə bəsləmiş olduğu mənfi münasibət onun hakimiyyətdən getməsində çox mühüm rol oynadı. Şəxsən mən Ayaz Mütəllibovun Xocalı faciəsində buraxdığı səhvlərə görə deyil, Moskvanın əlaltısı olduğuna görə hakimiyyətdən getməsinin tərəfdarı idim. Həm də Heydər Əliyevə qarşı yürütdüyü siyasətə görə ona mənfi münasibətim tam formalaşmışdı. Onun hakimiyyətdən getməsi Heydər Əliyevin böyük siyasətə qaydışı üçün böyük imkanlar açırdı. Bunu isə, əlbəttə, təkcə mən düşünmürdüm, ölkənin yüz minlərlə vətəndaşı da düşünürdü. Həqiqət budur. Ona görə də Ayaz Mütəllibov köhnə hadisələri mənfi şəkildə izah etməkdənsə korporativ maraqları bir kənara qoyub tarixi həqiqəti olduğu kimi etiraf etməlidir.
-Azərbaycanda hansı tanınmış siyasətçini dindirsən, ümummilli maraqlardan, xalqın mənafeyindən, dövlətçilikdən dəm vurmağa başlayır. Amma ölkədə gedən siyasi prosesləri izləyəndə anlayırsan ki, bu proseslər daha çox regionçuluq meylləri üstündə köklənib. Ayaz Mütəllibovun mövqeyində də bu xətt aydın şəkildə sezilir. Mətbuatda ona bu və ya başqa şəkildə dəstək verənlərin üslubunda da belə bir tendensiya hiss edilir. Bu zərərli tendensiya nəyə doğru aparır?
-Bilirsiniz, bu gün Azərbaycanın inkişafından, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasından, dövlətçilikdən çox adam danışa bilər. Bəziləri hətta bunun üçün xüsusi xidmətlər göstərdiyini də ön plana çəkə bilər. Bu məqamda müəyyən həqiqətlər də, çoxlu-çoxlu yalanlar da ola bilər. Mən tam məsuliyyəti ilə deyirəm ki, Azərbaycan dövlətçiliyində, Azərbaycanın bu günki dövlət səviyyəsinə gəlib çatmasında nə Ayaz Mütəllibovun, nə də bu gün onu müxtəlif formalarda müdafiə edən gizli və aşkar regionçuların rolu olub. Onlar hər zaman Heydər Əliyevə qarşı aqressiv münasibət bəsləyiblər və çox təəssüf ki, onların Heydər Əliyevə bəslədikləri mənfi münasibətdə regional amil mühüm yer alıb. Bu, böyük bir təəssüf doğuran haldır. Halbuki Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın şimalını, cənubunu, qərbini, şərqini, Şirvanını da, Naxçıvanını da, Lənkəranını da, Qazaxını da fəlakətlərdən və faciələrdən xilas elədi. Heydər Əliyev ümummilli bir şəxsiyyət idi. Bəşəri bir insan idi, görkəmli bir dövlət xadimi idi. Onun fəaliyyətində və dünyagörüşündə regionçuluq amili yox idi. O, Azərbaycanı düşünürdü, bu ölkənin hər qarışını fikirləşirdi. Qeyd etməliyəm ki, Heydər Əliyevə qədər ölkədə təbliğ edilən ideologiyalar cəmiyyəti tamamilə parçalamışdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün Azərbaycanı birləşdirən azərbaycançılıq ideologiyasını irəli sürdü və məhz bundan sonra ölkədə mərkəzdənqaçma meyllərinə son qoyuldu və ümumən cəmiyyətimizdə bütövləşmə prosesi başlandı. Ancaq onu istəməyənlər, bəli, regional amili ön plana çəkərək siyasi xadimə çevrilmək istəyirlər. Bu cür düşüncələr hər zaman ölkəyə ziyan gətirib, böyük faciələr yaradıb. Təəssüf edirəm ki, cəmiyyətimizdə bu cür düşüncə sahibləri hələ də var və onların düşüncələri, düşüncələrinin ayrı-ayrı mətbu orqanlarda yer alması, mən deyərdim ki, çox zərərli bir ənənənin, qorxulu tendensiyanın sonuncu işartılarıdır. Çünki Azərbaycan cəmiyyəti inkişaf etdikcə, dövlətimiz gücləndikcə bu cür feodal-partiarxal təfəkkür sahiblərindən bu millət tamamilə azad olacaq və biz vahid bir dövlət kimi, azərbaycanlı kimi bütöv Azərbaycan əhvali-ruhiyyəsi ilə yaşayacağıq.
Söhbətləşdi: Savalan