2019-cu ildə Hesablama Palatası 47 audit və 6 analitik fəaliyyət həyata keçirib.

Unikal.org xəbər verir ki, bunu bu gün qurumun sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həyata keçirilmiş auditlərdən 28-i uyğunluq, 7-si maliyyə, 8-i maliyyə və uyğunluq, 4-ü isə ölkədə ilk dəfə səmərəlilik auditi olub.

V. Gülməmmədov bildirib ki, 2019-cu ildə Hesablama Palatası 21,3 milyon manat vəsaitin bərpasını təmin edib: “Həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondlarına, 335 min manatı isə dövlət qurumlarının hesablarına bərpa olunub”.

V. Gülməmmədov deyib ki, ümumilikdə dövlət büdcəsinə hesabat ilində bərpa edilmiş cəmi vəsaitin 43%-i tikinti ilə bağlı xərclərin icrası prosesində yol verilmiş nöqsanlar üzrə olub. Bu istiqamətdə bərpa olunmuş cəmi vəsaitin 35,3%-i yerinə yetirilməyən işlərə görə, 20,5%-i iş həcminin artıq müəyyən edilməsi və 44,2%-i normativlərin düzgün tətbiq edilməməsi səbəbindən artıq ödənilmiş vəsaitləri əhatə edib.

O vurğulayıb ki, 2019-cu ildə Hesablama Palatası 5 nəzarət tədbiri üzrə müəyyən etdiyi qanun pozuntularına dair materialları prokurorluq orqanlarına təqdim edib: “Bunlar əsasən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması hallarıdır”.

*** 11:38

Milli Məclisin plenar iclası davam edir.

Unikal.org xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı haqqında” məsələ müzakirə edilir.

Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edir.