Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar olaraq karantin rejiminin tətbiq olunduğu dövrdə Abşeron rayonunda COVID-19 virusun yayılmasının qarşısının alınması məqsədi ilə tibbi-profilaktik tədbirlər davam etdirilir.

Unikal.org xəbər verir ki, xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirilir.
Həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisində yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxma qadağası nəzərə alınaraq tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə, şəhid, əlil ailələrinə yardımlar edilir. Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən aksiyaya sahibkarlar da qoşulub. Xırdalan şəhəri də daxil olmaqla, rayonun 15 kənd və qəsəbəsini əhatə edən 5000-ə yaxın sakininə gündəlik istifadə olunan ərzaq yardımları edilib. RİH əməkdaşlarının, icra nümayəndəliklərinin və bələdiyyə üzvlərinin, o cümlədən könüllülərin  iştirakı ilə reallaşdırılan aksiya zamanı sakinlərlə profilaktik söhbətlər aparılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri onların diqqətinə çatdırılıb. Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.