Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə Qazax rayonunun ərazisində yerləşən “Qırmızı körpü” və Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqələrinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qəbul-çeşidləmə məntəqələri 24 saat fasiləsiz fəaliyyətini davam etdirir.

Bildiririk ki, qısa müddətdə çadırlarının sayı 20-dən 60-a, çarpayılarının sayı 300-ə çatdırılan “Qırmızı körpü” və 20 çadır, 100 çarpayıdan ibarət olan “Mazımçay” qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, çadırların isidilməsi, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

Martın 26-da adıçəkilən qəbul-çeşidləmə məntəqələrində olan Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlar verib.