Karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının həmçinin Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün  real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Qanun layihəsinin bu müddəası qəbul ediləcəyi halda, 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq.

Qeyd edək ki, Milli Məclisin və komitələrinin iclaslarının İnternet vasitəsi ilə keçirilməsi ilə əlaqədar Milli Məclisin iclaslarında səsvermənin növləri və qaydasına da dəyişiklik edilir. Qüvvədə olan Daxili Nizamnaməyə əsasən, səsvermə zamanı Milli Məclisin iclas salonunda olmayan deputat səsverməyə ayrılan vaxt qurtardıqdan sonra səs verə bilməzdi. Təklif edilən digər dəyişikliyə əsasən, deputatın səs verməsi üçün salonda olması tələbi ləğv edilir. Təklif edilən yeni redaksiyaya əsasən, deputat səsverməyə ayrılan vaxt qurtardıqdan sonra səs verə bilməz.

Layihə Milli Məclisin martın 30-də keçiriləcək plenar iclasında müzakirə çıxarılacaq.