Səhiyyə sisteminin bahalılığına görə tez-tez tənqid edilən ABŞ-da yeni tip koronavirusdan müalicə olunan Danni Askini adlı qadına xəstəxana 35 min dollarlıq ödəniş qəbzi verib.

Unikal.org xəbər verir ki, tənəffüs çatışmazlığı, qızdırma, öskürək və baş ağrısı simptomları ilə əvvəlcə Bostonda bir xəstəxanaya müraciət edən qadın daha sonra 2 müxtəlif xəstəxanaya da müraciət edib və 3 gün sonra onda virus aşkarlanıb.

Tibbi sığortası olmayan Askini qəbzi görəndə şok keçirdiyini tvitter hesabından yazıb. O bildirib ki, xəstəlikdən sağalsa da, müalicəni davam etdirir. Ödənişi qarşılamaq üçünsə dövlət dəstəkli tibbi sığortaya müraciət edib.

Qeyd edək ki, ABŞ-da Kovid-19 analizləri president Donald Trampın qətnaməsi ilə pulsuz edilir. Lakin ödəniş müalicə və müayinəyə, xəstəxanaya, xəstənin durumuna görə dəyişir.

"Kaiser Family" fondunun yayımladığı araşdırmaya görə, ABŞ-da Kovid-19-un müalicəsi üçün bir vətəndaşa, orta hesabla, 9-20 min dollar lazımdır.