Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanı imzalayıb. 

1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” təsdiq edilsin 

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi on beş gün müddətində:

2.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.0.7-ci yarımbəndində nəzərdə tutulan operatoru seçsin;

2.2. bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.1.4-cü yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etsin;

2.3. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı maarifləndirmə (təbliğat) işi aparılmasını təmin etsin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.1. istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin;

3.2. bu Fərmanla təsdiq edilmiş Qaydanın 5.9-cu bəndində nəzərdə tutulan rəyin formasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin.

4. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlarına kömək göstərilməsini təmin etsinlər.