Xəbər verdiyimiz kimi, milli futbol federasiyaları Avro-2020-nin təxirə salınmasıyla bağlı UEF-ya xahiş ünvanladığı iddia edilir. 

Unikal.org xəbər verir ki, UEFA koronavirus epidemiyasının Avro-2020-yə təsiri ilə bağlı fövqəladə iclas keçirib.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alan UEFA, COVID-19 virusuna yoluxmuş xəstələrə yardım etmək üçün lazımi tibbi imkanlara və infrastruktura sahib olan təşkilatçı ölkələrdə Avropa çempionatının keçirilməsində heç bir problem görmür. Qurum hazırda turniri təxirə salmaq niyyətində deyil və azarkeşlərin oyunlara buraxılacağı gözlənilir.

UEFA nümayəndələri Avro-2020-yə ev sahibliyi edəcək ölkələrin rəhbərlikləri ilə əlaqə yaradaraq turnirin baş tutması üçün bütün lazımi tədbirlərin görülməsini xahiş ediblər. Həmçinin Avropanın ali futbol qurumu qitə çempionatının 2021-ci ilə təxirə salınacağı ilə bağlı yayılan xəbərləri təkzib edib.

Avro-2020-yə Azərbaycanla yanaşı, Rusiya, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Niderland, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.