Fevralın 20-də rayon icra hakimiyyətinin akt zalında “Kürdəmir rayonunun 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hesabat  yığıncağı  keçirilib.

Unikal.org xəbər verir ki, yığıncaqda  Azərbaycan  Respublikası  Prezidentinin  Administrasiyasının   məsul işçisi Nəsir Muxtarlı, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı  Aparatının işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri, rayon ictimaiyyətinin  nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi   Nəsir Muxtarlı, rayonun hüquq-mühafizə orqanlarının, idarə,  müəssisə və xidmət təşkilatlarının rəhbərləri Heydər Əliyev parkına gələrək Ulu Öndərin xatirəsinə ucaldılan  abidəsi  önünə  gül  dəstələri  düzüblər. 

Yığıncağı Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov açıb, qonaqları və yığıncağa dəvət olunanları salamlayıb. Vurğulayıb ki, bu il rayonumuz üçün daha əlamətdar və yaddaşlarımızda ən xoş təəssuratlarla yaşanacaq hadisə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2020-ci il 12 fevral tarixdə rayonumuza səfər etmiş, rayonda aparılan abadlıq və quruculuq işləri ilə şəxsən yaxından tanış olmuşdur. Bu səfər zamanı Cənab Prezidentimiz Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzmüş, daha sonra Kürdəmir rayonunda inşa edilmiş “ASAN xidmət” mərkəzinin, “Xalça istehsalı emalatxanası”nın,  “QLOBAL AQRO” MMC-nin aqroparkının və Pirili-Muradxan-Sor-Sor  avtomobil yolunun açılışlarını həyata keçirmişdir.Rayonumuza töhfə olaraq Cənab Prezidentimizin sərancamı ilə şəhər 8 saylı Körpələr evi-uşaq bağçasının tikintisinə və 8 ədəd şəhər və şəhərətrafı avtomobil yollarının əsaslı təmirinə 3,0 milyon manat, 960 şagird yerlik şəhər 5 saylı tam orta məktəbin tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayırmışdır. Hazırda həmin işlərin həyata keçirilməsi ilə əlaqədar sənədləşmə işlərinə başlanılmışdır. Bütün sahələrdə qazanılmış uğurlar bir daha onu sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında daha da güclənir və qüdrətli dövlətə çevrilir.Ceyhun Cəfərov qeyd edib ki, 2019-cu ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul 16,5 faiz artaraq 537605,3 manat təşkil etmişdir.Ümumi məhsul buraxılışının 74,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 23,1 faizi sənayedə, 17,1 faizi inşaat kompleksində, 34,6 faizi isə kənd təsərrüfatı  sahəsində, 25,2 faizi isə xidmət sahəsində olmuşdur. Xidmət sahələrində məhsul buraxılışının 23,5 faizi ticarət və ictimai iaşə, 1,6 faizi nəqliyyat, 0,1 faizi isə rabitə sahəsində olmuşdur.Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2019-cu ildə 1492 nəfər işlə təmin olunmuşdur ki, bundan 941 nəfəri daimi, 45 nəfəri isə müvəqqəti işlə təmin olunanlardır.Cənab Prezidentimizin tapşırığına əsasən, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2019-cu ildə 355 nəfər ictimai işlərə cəlb olunmuşlar.Hər il olduğu kimi hesabat ilində “Əmək yarmarkası” keçirilmiş, yarmarkada 32 müəssisədən 274 boş iş yeri təqdim olunmuş, 86 nəfər daimi işlə təmin olunmuşdur. Cənab Prezidentimizin diqqət mərkəzində saxladığı məsələlərdən biri olan əhalinin özünüməşğulluğunun təmin olunması ilə əlaqədar rayonumuzda 139 nəfər biznes ideyalarına uyğun olaraq özünüməşğulluq proqramına cəlb olunaraq təlim kurslarında iştirak etmiş, 5 nəfər iştirakçının biznes ideyası uyğun hesab olunmamış, 134 iştirakçıdan 112 nəfərə iri və xırda buynuzlu heyvanlar, 1 nəfərə arı ailəsi verilmiş və 1 nəfər üçün Heydər Əliyev Fondunun vəsaiti hesabına sosial bağ salınaraq onların özünüməşğulluğu təmin olunmuşdur.Rayonda sahibkarlığın inkişafına diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir. Bütün bunlar əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır.Respublika Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlarımıza 7 milyon 947 min manat vəsait verilmiş və nəticədə 157 yeni iş yeri yaradılmışdır.2019-cu il ərzində əhaliyə 90,802 min manat  pullu xidmət göstərilmişdir ki, bunun da 6,6 faizi və ya 6019,4 manatı dövlət, 93,4 faizi və ya 84982,9 min manatı isə qeyri dövlət sektorunun payına düşür. 2019-cu il üçün rayon büdcəsi  mədaxil və məxaric  üzrə 7 milyon 248 min manat təsdiq edilmişdir. Artıq 3 ildir ki, rayonun yerli büdcə xərcləri Respubika büdcəsindən dotasiya almadan yerli gəlirlər hesabına ödənilir. 2019-cu ildə rayonun yerli gəlirlər planı 121,8 faiz ödənilmiş, büdcəyə əlavə olaraq 1 milyon 581 min manat plandan artıq vəsait daxil olmuşdur. Həmin vəsaitin 439 min 500 manatı sosial təminat və abadlıq işlərinin görülməsi üçün rayonun sərəncamına verilmişdir.  Rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 124 mln manatlıq və ya ötən ildən 8,3 faiz artıq sənaye məhsulu istehsal edilmişdir. Özəl sektorun sənaye məhsulunun istesalında çəkisi 95,4 faiz olmuşdur.Rayon üzrə orta aylıq pensiyanın məbləği 218,70 manat olmuş, əhaliyə pensiyaların ödənilməsinə 31.291.460 manat, məcburi dövlət sosial sığorta hesabına ödənilən müavinətlərə 218.405 manat, dəfn xərci üçün müavinətlərə 222.869 manat vəsait ödənilmişdir.Hesabat dövründə rayon üzrə 302 ailəyə elektron qaydada müraciətləri əsasında ünvanlı sosial yardım təyin edilmiş, 213 nəfərə əmək pensiyası təyin edilmiş, rayon ərazisində yaşayan 61 nəfər tənha ahıl və əlil vətəndaşlara evlərdə sosial xidmət göstərilmişdir. Məlum olduğu kimi Ölkə rəhbəri rayon icra hakimiyyəti başçılarının qarşısında rayona yatırılan investisiyaların artırılmasına diqqət yetirilməsinə dair tapşırıq vermişdir. Rayonumuzda sahibkarlara yaradılmış münbit şərait nəticəsində 2019-cu ildə Kürdəmir rayonu üzrə cəlb edilmiş özəl investisiya layihələrinin ümumi dəyəri 275 milyon 620 min manat təşkil etmiş, bundan 2019-cu ildə 79 milyon 20 min manat vəsait xərclənmişdir.Sərmayələr əsasən səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir. Layihələr istixanaların tikilməsi, aqroparkların salınması, nar bağlarının genişləndirilməsi, hotelçilik və istehsal müəssisələrinin yaradılması ilə əlaqədar olmuşdur.2019-cu ildə rayonda tikinti, quruculuq və abadlıq işləri aparılmış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamı ilə Kürdəmir rayonunda inşa edilən “ASAN xidmət” mərkəzində tikinti-quraşdırma işləri başa çatdırılmış, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 mart tarixli sərəncamı ilə isə Kürdəmir rayonunda inşa edilən “Xalça istehsalı emalatxanası”nda tikinti –quraşdırma işləri başa çatdırılmış, emalatxana təyinatı üzrə fəaliyyətə başlamış, rayonun Şıxımlı kəndi ərazisində inşa edilən “Azpetrol” yanacaq doldurma məntəqəsi və motel binasının da tikintisi başa çatdırılmışdır.Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilmiş “Əlavələr”in icrası ilə əlaqədar rayon ərazisində məskunlaşmış  563 məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayonun Xırdapay kəndi ərazisindən ayrılmış 13 hektar torpaq sahəsində  17 ədəd 4 mərtəbəli ictimai yaşayış binaları, 432 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, klub-icma binası, inzibati bina, tibb məntəqəsi və ATS binaları tikilərək istifadəyə verilmişdir.Heydər Əliyev Fondunun təşəbbüsü ilə istifadəyə yararsız, qəzalı vəziyyətdə olan Kürdəmir şəhər 7 saylı Körpələr evi-uşaq bağçası sökülərək əvəzində yeni 40 yerlik Körpələr evi-uşaq bağçası və rayonun Yenikənd kəndindəki istifadəyə yararsız tibb məntəqəsi sökülərək əvəzində yeni tibb məntəqəsi inşa edilir və hazırda hər iki obyektdə son tamamlama işləri aparılır.Azərbaycan Respublikası Təhsil Nazirliyinə 2019-cu il üçün ayrılmış vəsait hesabına rayonun Qarasu kəndində 624 şagird yerlik tam orta məktəb binasının tikintisinə başlanılmış, binanın bünövrə çalaları qazılmış, binanın bloklarında dəmir-beton bünövrəsi tökülmüş, örtük tavasının tökülməsi üçün qəlblər quraşdırılmışdır.  Məktəbin həyətyanı ərazisinin qarşı və yan tərəfləri mişar daşı ilə hörülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinə 2019-cu il üçün ayrılmış vəsait hesabına Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Hazırda məktəbdə son tamamlama işləri aparılır və cari ilin  mart ayı üçün istifadəyə verilməsi nəzərdə tutulur.100 yerlik Kürdəmir şəhər 6 saylı Uşaq bağçası-körpələr evi BP Azərbaycan şirkətinin vəsaiti hesabına əsaslı təmir edilir. Hazırda bağçada son tamamlama işləri aparılır.Dövlət Proqramının icrası ilə əlaqədar 2019-cu ildə respublika əhəmiyyətli Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun Kürdəmir şəhəri daxilindən keçən hissəsində 1763 m2, Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda 3096 m2, yerli əhəmiyyətli Şıxımlı, Topalhəsənli-Şahsevən, Yeni Şıxımlı-Çöhranlı, Kürdəmir-Xırdapay-Qağacılı avtomobil yollarında isə 13740 m2 sahədə asfalt beton qarışığı ilə çala təmiri işləri aparılmış və hazırda təmir işləri davam etdirilir.Yerli əhəmiyyətli kənd yollarında 178224 m2 yolun çökmüş hissələrinə qum-çınqıl tökülmüş, avtoqreyderlə hamarlanmışdır.Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2019-cu ildə uzunluğu 89,2 km olan Karrar-Bağman-Böyük Kəngərli, Pirili-Muradxan-Sor-Sor, Şilyan-Qarasu və Şıxımlı kəndlərində yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması işləri başa çatdırılmış, uzunluğu 18 km olan yerli əhəmiyyətli Ərəbqubalı - Çöl Qubalı - Məhərrəmli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış, uzunluğu 6 km olan Yenikənd-Dəyirmanlı yerli əhəmiyyətli avtomobil yolunda isə tikinti işləri 2020-ci ildə təkrar davam etdiriləcəkdir.Mollakənd-Axtaçı-Öyləqulu, Axtaçı-Qarabucaq, Qocalı, Türkədi, Sovla, Şüşün, Pirili, Muradxan, Karrar, Qarasaqqal, Təklə, Qarabucaq və Muğanlı kəndlərinin kənd və təsərrüfat daxili yolları avtoqreyderlə hamarlanmışdır. 2019-cu ildə Kürdəmir şəhərinin Heydər Əliyev və Bakı prospektlərində, Vüqar, Babək, Xanımsoltan İslamzadə küçələrində, Aran qəsəbəsinin daxili yollarında və “Bayraq meydanı”nın qarşısındakı ərazidə 18010 m2 asfalt örtüyü vurulmuşdur.Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğu nəzərə alınaraq bu sahənin inkişaf etdirilməsi qarşımıza mühüm vəzifə kimi qoyulmuşdur.Həmin tapşırığın icrasını təmin etmək məqsədilə 2019-cu ildə rayonumuzda 2809 hektarda pambıq əkilmiş, 6497,4 ton məhsul tədarük olunmuşdur. Pambıq sahəsinin hər hektarından orta hesabla 23,1 sentner məhsul götürülmüşdür ki, bu da rayonda ən yüksək göstəricisi olan 1981-ci ilin göstəricisindən 4,6 sentner çoxdur.Pambığın əkilməsi, becərilməsi və yığılması işlərinə 6 mindən çox işçi qüvvəsi, 14 pambıq yığan maşın, digər maşın  və mexanizmlər cəlb edilmişdir. Rayonumuzda 2019-cu ildə rayonda 244 kümçü baramaçılıqla məşğul olmuş, 22 ton 600 kq barama istehsal edilmişdir. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə hesabat dövründə 20 min ədəd tut (çəkil) tingi əkilmişdir. Ümumilikdə rayon üzrə 238500 ədəd ting əkilmişdir. Bu il 25 tondan çox barama istehsalı üçün lazımi təşkilatı və təsərrüfat tədbirləri görülür, yeni kümxanalar hazırlanır.Rayonumuzda iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədi ilə 14650 hektar dövlət fonduna məxsus otlaq sahəsi əkin dövriyyəsinə cəlb edilmiş və həmin torpaqlarda 4 aqropark yaradılmış, onlardan biri qeyd etdiyim kimi istifadəyə verilmiş, digərlərində isə hazırda infrastrukturların yaradılması, torpaqların yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması, saxlama anbarlarının və digər zəruri tikililərin tikintisi sahəsində işlər davam etdirilir.       Bu aqroparklar hesabat ilində 8 min ton taxıl, 3500 tondan çox pambıq və digər kənd təsərrüfatı məhsulları istehsal etmişlər.Həmin aqroparklarda hazırda 300 nəfərədək daimi işlərdə, 1000 nəfərədək isə mövsümü işlərdə çalışır.Ötən il rayonda heyvandarlıq sahəsində göstəricilər əvvəlki illərə nisbətən xeyli artmışdır. Dövlət Proqramına əsasən rayonda məhsuldar cins heyvanların sayı artırılaraq 2100 başa çatdırılmışdır. 2019-cu ildə rayonda 2146 baş inək süni mayalandırılmış, 1281 baş cinsi  yaxşılaşdırılmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir. Hazırda iri buynuzlu mal qaranın sayı 64852 başı, qoyun keçilərin sayı 136744 başı, quşların sayı isə 370 min 711 başı ötmüşdür. 2019-cu ildə diri çəkidə 9276 ton ət, 44842 ton süd, 28 milyon 839 min ədəd yumurta, 286 ton yun istehsal edilmişdir. Əksər göstəricilər üzrə heyvandarlıq məhsullarının istehsalında artım əldə edilmişdir. Əvvəlki illə müqayisədə ət istehsalı 0,1 faiz, süd istehsalı 3,6 faiz, yumurta istehsalı 37,6 faiz, yun istehsalı isə 4,1 faiz artmışdır. Taxıl yığımı mütəşəkkil aparılmış, biçinə 150-dək kombayn cəlb edilmiş, 48046 hektar sahənin taxılı optimal müddətdə minimum itkilərlə yığılmış, 162 min ton dən götürülmüşdür. Hər hektardan 33,7 sentner məhsul alınmışdır. Taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülmüş, 2239 ton qarğıdalı dəni istehsal olunmuşdur.Bu il 6500 tondan çox toxumluq taxıl ayrılmışdır ki, bunun da 4000 tondan çoxunu yüksək reproduksiyalı toxum təşkil edir.Rayonda 3422 hektardan çox plantasiya şəklində nar bağı salınmış, bu bağlardan 1500 hektarı intensiv üsulla əkilmiş, 500 hektardan çoxunun müasir texnoloqiya ilə becərilməsi, damcılarla suvarılması təşkil olunmuşdur.Rayonda arıçılığa maraq ilbəil artmaqdadır. 2019-cu ildə arı saxlayanların sayı 221 nəfərə çatmış, arı ailələrinin sayı 4609 təşkil etmiş, 50 ton bal istehsal edilərək rayon daxilində və respublikanın ayrı-ayrı rayonlarında satışa çıxarılmış, eyni zamanda Bakı şəhərində keçirilən bal sərgisində nümayış etdirilmiş və satışı təşkil olunmuşdur.Dövlət Proqramına uyğun olaraq il ərzində təbii qazla təhciz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşması işi davam etdirilmişdir. Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 60 yaşayış məntəqəsi qazla təmin edilmişdir ki, bu da abonentlərin 99,4 faizini təşkil edir. 2 yaşayış məntəqəsinin Qarabucaq və Qurdbayram kəndlərinin qazlaşdırılması 2020-ci ildə nəzərdə tutulur.  

Məruzə ətrafında Kürdəmir rayonu üzrə Maliyyə idarəsinin rəisi Ayaz Cəbrayılov, Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktoru İlham Həmidov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılov, Kürdəmir rayon Mollakənd Mexaniki Suvarma idarəsinin rəisi Əhliman Kərimov çıxış edərək 2019-cu ildə fəaliyyət sahələrində gördükləri işlər barədə məlumat veriblər. 
Yığıncağın işində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Nəsir Muxtarlı çıxış edib. Çıxışında ölkə Prezidentinin apardığı uğurlu islahatlar, həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Kürdəmirə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirdə 2019-cu ildə rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında fərqlənmiş, eləcə də kənd  təsərrüfatı məhsullarının istehsalında yüksək əmək nailiyyətləri əldə etmiş bir qrup şəxslər Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. 

Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə hesabat yığıncağı iştirakçıları  adından  müraciəti oxundu.

Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2020-ci ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.