Fevralın 19-da İsmayıllıda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərinin Mərkəzi meydanındakı abidəsi ziyarət olunub,  rayon rəhbərliyi, hüquq-mühafizə  orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri abidənin önünə tər çiçək dəstələri düzüblər.

Unikal.org xəbər verir ki, tədbirin keçirildiyi Mədəniyyət Mərkəzinin foyesində yığıncaq iştirakçıları rayonun sosial-iqtisadi inkişafını, kənd təsərrüfatını, sənayesini, təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurları və turizm potensialını əks etdirən sərgiyə baxıblar.

Yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov açıb, qonaqları və yığıncağa dəvət olunanları salamlayıb.2019-cu ilin bütövlükdə ölkəmiz, eyni zamanda İsmayıllı rayonu üçün də uğurlu il olduğunu diqqətə çatdırıb. İlin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələrin icra olunduğunu, dayanıqlı inkişafın təmin edildiyini bildirib. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dünya ölkələri ilə ikitərəfli əlaqələrin genişləndiyini,çoxtərəfli əməkdaşlığın formalaşdığını söyləyib.

   RİH-nin başçısı “İsmayıllı rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” barədə geniş məruzə edib.

Qeyd olunub ki, 2019-cu ildə rayonda tikinti-quruculuq işləri geniş vüsət alıb. Şəhərin mərkəzində 4 ulduzlu otel binası, “Azərxalça” ASC-nin ikinci xalça istehsalı müəssisəsi, 100 yerlik uşaq bağçası, 48 mənzilli yaşayış binası, Basqal qəsəbəsində 432, Gəraybəyli kəndində 320 şagird yerlik yeni məktəb binaları,Sumağallı, Sulut,Diyallı kəndlərində tibb məntəqələri və s. tikilib istifadəyə verilib. Rayonda əsas kapitala 92 milyon 160 min manat investisiya qoyulduğu, faktiki qiymətlərlə 273 milyon 242 min manat məbləğində ümumi məhsul istehsal olunduğu diqqətə çatdırılıb. Rayon iqtisadiyyatının əsasını aqrar sahənin  təşkil etdiyi, 2019-cu ildə rayon üzrə ümumi məhsul istehsalının 36,4 faizinin bu sahənin payına düşdüyü, “İsmayıllı-1” və “İsmayıllı-2” su elektrik stansiyalarının il ərzində 8 milyon 903 min kilovat saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürdüyü, rayonun 108 yaşayış məntəqəsindən 48-nin qazlaşdırıldığı, internetin surət və keyfiyyətinin yaxşılaşdığı qeyd olunub. Rayonda su, işıq problemlərinin həll olunduğu, 121 ailəyə ünvanlı dövlət sosial yardımı verildiyi bildirilib. Təhsil, səhiyyə,mədəniyyət, turizm sahəsində əsaslı yeniliklərə və uğurlara imza atıldığı, Dövlət tədbirlərinin  və bayramların yüksək səviyyədə qeyd olunduğu vurğulanıb.

Məruzə ətrafında Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Vidadi Rəhimov, Nikitin adına kolxozun Müşahidə Şurasının sədri Olqa Jabina, İsmayıllı Şəhər Bələdiyyəsinin sədri Pərviz Ağayev, QMƏVŞA İB-nin sədri Vidadi Zərbiyev, Gənclərin İnkişaf Kariyera Mərkəzinin direktoru İsmayıl Faxtıyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev çıxış edərək 2019-cu ildə fəaliyyət sahələrində gördükləri işlər barədə məlumat veriblər.

Şəhər 5 saylı tam orta məktəbin Əməkdar müəllimi Nazənin Həsənova,Bizlan kənd sakini Tofiq Məmmədov  çıxış edərək ölkə Prezidentinin apardığı genişmiqyaslı islahatların uğurlu nəticələri,əhalinin sosial həyat şəraitinin günbəgün yaxşılaşdığını qeyd ediblər. Diyallı kənd sakini Sədiqə Orucova zəlzələdən sonra onun üçün tikilən evə görə ailəsi adından cənab Prezidentə və Mehriban xanıma öz minnətdarlığını ifadə edib. 

Yığıncağın işində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi Nəsir Muxtarlı iştirak edib. Çıxışında ölkə Prezidentinin apardığı uğurlu islahatlar, həyata keçirilən tədbirlər barədə məlumat verib.İsmayıllıya ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.