Azərbaycan Prezidenti Administrasiyasına 2019-cu ildə vətəndaşlar tərəfindən ən çox şikayət olunan rayon və şəhərlərin adları açıqlanıb. 

Unikal.org-un məlumatına görə, PA-nın Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, ümumiyyətlə, 2019-cu ilin rəqəmləri göstərir ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdab, digər şəhər və rayonlardan artmış, Sabunçu, Daşkəsən, Göygöl, Hacıqabul və başqa rayonlardan azalmışdır.

Mövzular üzrə təhlil göstərir ki, hüquq mühafizə və məhkəmə orqanlarının, həmçinin vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, əlillik dərəcələrinin düzgün təyin edilməməsi, tibbi-sosial ekspert komissiyalarının, özəl müəssisələrin fəaliyyəti, mərkəzi və yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur.

Şəhər, rayon icra hakimiyyətlərinin, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi üzrə nümayəndələrinin və bələdiyyələrin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır. İcra hakimiyyəti başçıları qarşısında yeni vəzifələr qoyan, onlara öz işlərini müasir dövrün tələblərinə uyğun qurmaları barədə tövsiyələr verən Azərbaycan Prezidenti 2019-cu il oktyabrın 31-də Yevlax və Xaçmaz rayonlarının yeni icra başçılarını qəbul edərkən demişdir: “Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır... Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək”.

Bəzi şəhər, rayon icra hakimiyyətlərinin, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi üzrə nümayəndələrinin fəaliyyəti barədə şikayətlər az deyildir.

2019-cu ildə Prezident Administrasiyasına bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin ümumi sayı əvvəlki illə müqayisədə 31 faiz, şikayətlərin sayı 46,4 faiz artmışdır. Bələdiyyələrin fəaliyyətindən narazılıq bildirilən müraciətlər Binəqədi, Xəzər, Lənkəran, Şəki, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gədəbəy, Göyçay, İmişli, Masallı, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Zaqatala, Zərdab, digər şəhər və rayonlardan daha çox olmuşdur.