“Öncə onu qeyd etmək lazımdır ki, bu panel müzakirəsi bağlı qapıların arxasındakı danışıqların üzə çıxması hadisəsi kimi dəyərləndirilməlidir. Bu müzakirədə həm Azərbaycanın, həm Ermənistanın mövqeyi açıq şəkildə ortaya qoyuldu”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrə münasibət bildirərkən Unikal.org-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın mövqeyini arqumentli, iradəli və daha yaxşı çatdırdı:
“Açığını deyim ki, Azərbaycan Prezidentinin ingilis dilində daha yaxşı danışması, fikirlərini daha dəqiq ifadə etməsi açıq şəkildə göründü. Bu, öz yerində, amma orada səslənən fikirləri Azərbaycanın haqlı mövqeyinin qalib gəlməsi kimi qəbul olunmalıdır. Belə demək mümkündürsə, bu panel müzakirəsində hər iki tərəfin mövqeyi ictimaiyyətə bəlli oldu. Bildiyim qədər prezidentlər arasında görüş də olub. Orada hansı məsələlərin müzakirə olunduğu, bundan sonra prosesin necə inkişaf edəcəyi də vacib məsələdir. Təəssüf ki, bu cür görüşlərin hansısa ciddi nəticələrin olacağına ümidlər çox azdır. Hesab edirəm ki, Paşinyan Ermənistana qayıdandan sonra ciddi şəkildə tənqid olunacaq. Bu tənqid onun hansısa şəxsi davranışı deyil, ortaya qoyduğu mövqe barədə olacaq”.

T. Zülfüqarov onu da qeyd edib ki, adətən bu cür müzakirələr hansısa prosesin, yaxud dəyişikliklərin əvvəlində olur. “İkinci bir məntiq onu deməyə əsas verir ki, Ermənistan bu cür diplomatik zərbələri ala-ala öz siyasi xəttinə davam edəcək. Ən çətin vəziyyətdə isə həmsədrlər qalacaq. Çünki onların bundan sonra kiməsə nəsə deməyi çətin olacaq. Hər halda, bu panel müzakirəsinin Azərbaycan ictimaiyyətinə böyük təsiri var. Sosial şəbəkələrdən hiss elədim ki, Azərbaycan ictimaiyyəti Prezidentin həmin müzakirədə iştirakından və sərgilədiyi mövqedən çox razıdır” – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

E.Rüstəmov