Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürü, demokratiya istiqamətində ölkəmizin daha da irəliyə doğru əhəmiyyətli bir addım atmasının ifadəsidir.

Unikal.org xəbər verir ki, bunu Trend-ə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda heç zaman seçkilərdə 1300-dən çox namizəd iştirak etməyib: “Bu, rekord bir göstəricidir. Bu, bir tərəfdən Azərbaycanda seçkilərin açıq və şəffaf keçməsinə vətəndaşların əvvəlcədən inamının ifadəsi idi, digər bir tərəfdən isə Azərbaycanda demokratik ənənələrin oturuşmasının çox vacib göstəricilərindən biridir”.

Baş Nazirin müavini vurğulayıb ki, seçkilər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi: “Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən bu seçkilərə böyük maraq göstərdi. Təsəvvür edin, əhalinin sayına görə Azərbaycan o qədər də böyük ölkə deyil, cəmisi 125 dairədə seçkilər keçirilir, 125 deputat mandatı uğrunda mübarizə aparılırdı. Ancaq digər ölkələrlə müqayisədə daha az deputat yerləri uğrunda aparılan mübarizəni izləmək üçün 900-ə yaxın beynəlxalq müşahidəçi gəlmişdi.

Bunun özü də beynəlxalq aləmdə Azərbaycana olan marağın bir ifadəsidir. Bütün bunların hamısını ümumiləşdirərək deyərdim ki, parlament seçkiləri Azərbaycanın siyasi tarixinin əhəmiyyətli bir hissəsini təşkil edir, ölkəmizin demokratiya yolunda irəliləyişinin əhəmiyyətli bir təsdiqi kimi özünü büruzə verir.

Bu seçkilər, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə insanlarımızın inamını ifadə edir, dövlət başçısına olan etibarın yeni bir ifadəsi kimi özünü göstərir”.