46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalovun Rusiya vətəndaşlığının olması və bunun seçki qanunvericiliyinə zidd olduğuna dair bir çox mətbu orqanlarda iddialar yer alıb. 

Məsələ ilə bağlı  46 saylı Şirvan Seçki dairəsindən namizəd Camalov Rəşad Yavər oğlunun vəkili Bəxtiyar Babayev Unikal.org-a göndərdiyi məktubda bildirib ki, Rəşad Camalov həmyerlilərinə dəstək olmaq məqsədilə 46 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürüb:

“Güman edirik ki, bundan ehtiyatlanan və Şirvan əhalisi arasında nüfuzu görən bəzi şəxslər ona qarşı qara piar kompaniyasına başlayıblar. Həqiqətə uyğun olmayan məlumatlar və şəkillər paylaşmaqla cəmiyyətdə mənfi obraz yaratmağa çalışırlar. Elçin Salamov adlı şəxs bir sıra sosial şəbəkələrdə Rəşad Camalov barəsində yalan məlumatlar ötürməklə imicinə ciddi ziyan vurmağa çalışır. 

Media qurumları şər və böhtanla dolu olan yazılara əhəmiyyət verməməli və yalnız faktlara əsaslanan yazılar dərc etməlidirlər. Belə hallara yol verənlər qanun çərçivəsində məsuliyyət daşıyırlar”.

Vəkili məktubda onu da deyib ki, bu kimi yalan məlumatları paylaşmağa davam etsələr onlar barəsində qanuna müvafiq qaydada hüquqlarımızı müdafiə etmək məcburiyyətində qalacağıq.