24 fevral tarixindən etibarən müsabiqənin onlayn səsvermə mərhələsi start götürəcək. Səsvermə www.genclerpaytaxti.az internet saytı vasıtəsilə həyata keçirilir. Səsvermə siyahısına 16 şəhər və rayonun adı daxil edilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Gənclər Paytaxtı 2020" müsabiqəsinin ilkin mərhələsi artıq yekunlaşıb, seçimdə iştirak etmək istəyən və öz namizədliyini irəli sürən şəhər və rayonların siyahısı formalaşdırılıb. Namizəd şəhərlərin (rayonların) seçimi zamanı ölkə və beynəlxalq miqyaslı tədbirlərin təşkili üçün infrastrukturun mövcudluğu, "Gənclər Paytaxtı" seçildiyi təqdirdə həyata keçirəcəyi konkret tədbirlər planı, həmin şəhərdə (rayonda) yaşayan əhalinin sayı və gənclərin əhali üzrə faiz nisbəti, ictimai fəal gənclərin fəaliyyəti nəzərə alınır.

Səsvermədə yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın "Gənclər paytaxtı"nın seçilməsində bərabər hüquqla iştirak edir. Səsvermə zamanı verilən hər səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır. Səsvermə başa çatdıqdan sonra ən çox səs toplamış şəhər (rayon) qalib seçilir. Səslərin hesablanması xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. "Gənclər paytaxtı"nın adı isə 2 fevral - Azərbaycan gəncləri günündə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təntənəli şəkildə rəsmi elan ediləcək.  

Məlumat üçün bildirək ki, 2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur. Bugünə qədər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı şəhər və rayonları Azərbaycanın "Gənclər paytaxtı" seçilib.

 “Gənclər paytaxtı”nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Azərbaycanın Gənclər Paytaxtı 1 il müddətinə seçilir. Seçildiyi müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verilir.