Bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 238 №-li tam orta məktəbdə Ə.Kürçaylı küçəsi 4, 6, 8 və Q.Qarayev prospekti 41 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirib.

Unikal.org xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Sakinlər məhəllədaxili yolların asfaltlanması, binaların dam örtüklərinin və istilik sisteminin təmiri, liftlərin yenisi ilə əvəz edilməsi, məhəllənin abadlaşdırılması, ağacların budanması, küçə işıqlarının bərpa olunması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Rayon sakinlərinin arzu və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bəziləri yerində həll edilib, əlavə araşdırmaya ehtiyac olan digər məsələlərin qanunvericiliyə uyğun və operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib və nəzarətə götürülüb.