Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd Gülmirzə Fəxrəddin oğlu Cavadov da mandat uğrunda mübarizə aparacaq.

Gülmirzə Cavadov 15 oktyabr 1977-ci ildə Bakı şəhərində, ziyalı – tanınmış həkim, ictimai və dövlət xadimi Fəxrəddin Cavadovun ailəsində anadan olub.

Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirib. 1994-1998-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə oxuyub. Magistratura təhsilini 1998-2000-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində alıb.

2008-ci ildə Bakı Dövlət Universitetində aspirantura təhsilini tamamlayaraq, namizədlik dissertasiyası müdafiə edib və hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2005-2010-cu illərdə Vyana Universitetinin (Avstriya) siyasi elmlər üzrə doktorantura təhsilinə yiyələnib.

2010-2012-ci illərdə Vyana İdarəetmə Akademiyasında (Avstriya) Energitikanın idarə olunması üzrə peşəkar MBA təhsili alıb.

Böyük Britaniya (Oksford Kral məktəbi, Saint Gilles kolleci), Avstriya (Vyana Universiteti, Diplomatik Akademiya), İtaliya (Beynəlxalq Humanitar Hüquq İnstitutu), Fransa (Strasburqda yerləşən Avropa Şurasının təlim mərkəzi) və digər ölkələrdə müxtəlif təhsil və təlim proqramlarını müvəfəqiyyətlə bitirib.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində başlayıb, “İnterpol”un Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosunda müxtəlif vəzifələrdə çalışıb.

2001-ci ilin noyabr ayından Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, Xarici İşlər nazirinin yanında Müstəqil sərhəd məsələləri şöbəsində çalışmağa başlayıb.

2002-2003-cü illərdə XİN Beynəlxalq hüquq və müqavilələr idarəsinin İnsan hüquqları və beynəlxalq humanitar hüquq şöbəsində işləyib.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyi,  Azərbaycan Respublikasının BMT (Vyana ofisi), ATƏT və Vyana şəhərindəki digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyində müxtəlif diplomatik vəzifələr tutub.

2007-2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr İdarəsində İkinci katib, daha sonra Çoxtərəfli beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin müdiri vəzifəsində çalışıb.

2008-2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Vyana şəhərində yerləşən Regional nümayəndəliyinin (Avstriya, Macarıstan, Çexiya, Sloveniya, Slovakiya və İtaliya üzrə) Baş direktoru vəzifəsini tutub.

2015-2018-ci illərdə “SOCAR Enerji İsveçrə”nin (SOCAR Energy Switzerland) Direktorlar Şurasının üzvü olub.

2016-2018-ci illərdə “SOCAR Enerji Türkiyə” (SOCAR Energy Turkey) şirkətində vitse-prezidenti - İş  dəstək məsələləri üzrə baş direktorun müavini vəzifəsində çalışıb.

Doğma Azərbaycan dili ilə yanaşı, ingilis, türk, rus, alman dillərində sərbəst danışır. Fransız dilini yaxşı səviyyədə bilir.

Fəaliyyət göstərdiyi bütün vəzifələrdə etimadı doğruldub, həm diplomat kimi, həm də Azərbaycan Respublikasının ən nəhəng şirkəti – Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (SOCAR) xarici ölkələrdə rəhbər vəzifələrdə yüksək səviyyədə təmsil edib, daim rəhbərliyin təqdirini qazanıb.

Xaricdə təhsil aldığı və işlədiyi dövrlərdə həmişə Azərbaycanın təbliği, ölkə həqiqətlərinin, tarixinin, mədəniyyətinin tanıdılması, Ermənistanın ölkəmizə qarşı təcavüzü faktının xarici ölkələrin ictimaiyyətinə çatdırılmasına çalışıb, bu istiqamətdə bir çox tədbirlərin bilavasitə təşkilatçısı olub.

Ailəlidir.

Unikal.org Gülmirzə Cavadovun seçicilərə müraciətini təqdim edir:

“Əziz seçicilər,

Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan, onun layiqli varisi cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət ölkəmizdə bütün sahələrdə dinamik inkişafını təmin edib.

Hazırda dövlət başçısı tərəfindən idarəetmə sahəsində geniş islahatlar həyata keçirilməkdədir və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi də bu islahatların dərinləşməsinə imkan verən çevik, təşəbbüskar, xalqla daha inamla və sıx işləməyi bacaran, eyni zamanda, beynəlxalq təşkilatlarda, xarici dövlətlərdə, bütövlükdə, beynəlxalq əlaqələr sferasında dövlətimizi, xalqımızı daha cəsarətlə və yüksək səviyyədə təmsil edən üzvlərdən ibarət yeni parlamentin formalaşdırılması məqsədi daşıyır.

Seçicilər mənə etimad göstərərək, Milli Məclisə üzv seçərlərsə, həm ümumrespublika xarakterli, həm də bilavasitə deputat seçiləcəyim Mərdəkan, Buzovna, Şağan, Qala, Gürgan, Pirallahı qəsəbələrini, Neft Daşları və Çilov adasını əhatə edən ərazinin problemlərinin həlli üçün əlimdən gələni edəcəyəm.

Hesab edirəm ki, aldığım təhsil, bu illərdə həm diplomatik sahədə, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mühüm strukturlarının rəhbərliyində qazandığım təcrübə, ailə və soy-kökümlə bağlı olduğum Mərdəkan, Buzovna, Şağan, Qala, Gürgan, Pirallahı qəsəbələrini yaxından tanımağım həm dövlətimizi və onun parlamentini ən layiqli səviyyədə təmsil etməyimə, parlamentin işində səmərəli iştirakıma, həm də seçicilərimin və onların yaşadıqları qəsəbələrin problemlərini vaxtında səlahiyyətli orqanlar qarşısında qaldırmaqla onların həllinə nail  olmağıma imkan verəcək.

Deputatlıq fəaliyyətimdə aşağıdakı əsas məsələlərin həllinə çalışacağam:

Qanunların qəbul edilməsində sosial-iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi prinsipinin əsas götürülməsinə çalışacağam.

Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması və qəbulunda fəal iştirak edəcəyəm.

İqtisadi islahatların daha da dərinləşdirilməsinə hüquqi baza yaradan qanunların hazırlanıb qəbul edilməsinə çalışacağam.

Təmsil etdiyim qəsəbələrin əhalisinin elektrik enerjisi, su və qazla etibarlı təminatını hər zaman ön planda saxlayaraq, müvafiq dövlət qurumlarının diqqətini bu sahəyə yönəldəcəyəm.

Magistral və qəsəbədaxili yolların abadlaşdırılması, küçələrin işıqlandırılması, qəsəbədaxili və digər yolların düzgün işarələnməsi, səkilərin qurulması məsələlərinin müvafiq icra orqanları və bələdiyyələr vasitəsilə həllinə çalışacağam.

Mərdəkan, Buzovna, Şağan, Qala, Gürgan və Pirallahı qəsəbələrində yerləşən mədəniyyət, dini və tarixi abidələrin bərpa olunması, qorunması məsələsini aidiyyəti orqanlar qarşısında qaldıracaq, qəsəbələrimizdə mədəni tədbirlərin, xüsusən tarixi, milli və dini ənənələrimizi yaşadan tədbirlərin mütəmadi təşkilinə çalışacağam.

Həkim ailəsində böyümüş biri olaraq səhiyyə, vətəndaşlarımızın tibbi xidmətlərdən istifadəsi mənim üçün ən həssas məsələlərdəndir. Deputatı olacağım qəsəbələrdə səhiyyə müəssisələrində mütəmadi olaraq əsaslı və cari təmir işlərinin aparılması aidiyyəti orqanlar qarşısında qaldıracaq, əhaliyə göstərilən səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsinə, xüsusən uşaq və yeniyetmələrə vaxtaşırı profilaktik tibbi nəzarətin, habelə əhalinin keyfiyyətli və vaxtında dispanseriyasının qanunvericiliklə təsbit edilərək, tətbiqinə çalışacağam.

Mərdəkan, Buzovna, Şağan, Qala, Gürgan və Pirallahı qəsəbələrində təhsil müəssisələrində mütəmadi olaraq əsaslı və cari təmir işləri aparılmasına, təhsil müəssisələrində təhsil səviyyəsinin yüksəldilməsinə, yeniyetmələrin təhsillə bağlı və digər mədəni tədbirlərə cəlb edilməsinə nail olacağam.

Deputatı olacağım qəsəbələrdə sahibkarlarla daim təmasda olmaqla, onların problemlərinin aidiyyəti dövlət orqanları qarşısında qaldırılmasına və həllinə nail olacaq, bununla da yerlərdə sahibkarlığın inkişafına və əlavə iş yerlərinin açılmasına dəstək olacağam.

Deputatı olacağım qəsəbələrdə yaşıllıqların qorunması və genişləndirilməsi, əhalinin asudə vaxtlarını keçirə biləcəyi yeni parkların, digər mədəni-kütləvi tədbir yerlərinin yaradılması üçün dövlət orqanları və bələdiyyələr qarşısında mütəmadi olaraq təkliflər qaldıracaq və icrasına çalışacağam.

Deputatı olacağım qəsəbələrdə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrlə birlikdə şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğının gücləndirilməsinə, kimsəsizlər, yetimlər və digər aztəminatlı şəxslərın diqqət mərkəzində saxlanılaraq onlara qayğı göstərilməsinə çalışacağam.

Deputatı olacağım qəsəbələrdə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrlə birlikdə fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətin həyatında aktiv iştiraka cəlb edilməsi üçün tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsinə çalışacağam.

Xarici diplomatik fəaliyyətdə qazandığım təcrübədən maksimum istifadə edərək, dövlətimizin parlamentlərarası əlaqələrinin genişləndirilməsi, beynəlxalq təşkilatlarda, xarici görüşlərdə yüksək səviyyədə təmsil olunması və mənafələrinin müdafiəsinə, ikitərəfli və çoxtərəfli diplomatik əlaqələrinə töhfə verməyə çalışacağam.

Diplomatik təcrübəmi və beynəlxalq hüquq mütəxəssisi kimi biliklərimi Dağlıq Qarabağın dinc yolla işğaldan azad edilməsi və münaqişənin xalqımızın manafeyinə uyğun həllinə töhfə vermək üçün var gücümlə çalışacağam. 

Seçicilərlə hər zaman sıx təmasda olacaq, onların problemlərini öyrənəcək və bu problemlərin qanunlar çərçivəsində həllinə var gücümlə çalışacağam. Çünki bu həm də atam, mərhum Fəxrəddin Cavadovun insanlara qayğıkeş yanaşma, onların dərdlərinə şərik olmaq xarakterinin mənə buraxdığı mənəvi miras və ictimai öhdəlikdir.

Əmin olun ki, mənə səs verəcəyiniz təqdirdə Sizin problemlərinizi daim diqqətdə saxlayan, Sizinlə hökumət orqanları arasında etibarlı körpü olacaq, hüquqlarınızı hər zaman müdafiə edən, seçicilərinə, xalqına bağlı, dövlətimizə sədaqətli bir deputatınız, əsl təmsilçiniz, həqiqi vəkiliniz olacağam”.  

Gülmirzə Fəxrəddin oğlu Cavadov 
13 saylı Xəzər-Pirallahı seçki dairəsi