"Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması tərəfinizdən tamamilə yeni qaydalar əsasında təsdiqlənmişdir və yeni subsidiya qaydalarının məqsədi bu sahədə ixrac potensialımızı möhkəmləndirmək və kənd təsərrüfatında məşğulluğu daha da artırmaqdır. Artıq yeni subsidiyalar alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən veriləcək və bu günə kimi elektron kənd təsərrüfatı sistemində 449 min fermer qeydiyyatdan keçmişdir. Fermerlərimiz payızlıq bəyanlarını etmişlər və hazırda gübrə, pestisid və toxum təchizatçıları qeydiyyatdan keçməkdədir, o cümlədən heyvandarlıq sahəsində subsidiyanın verilməsi üçün heyvanların qeydiyyatı, eləcə də baytar həkimlərin və süni mayalanma ekspertlərinin qeydiyyatı həyata keçirilməkdədir. 2020-ci ildə Sizin tapşırığınıza əsasən elektron kənd təsərrüfatının tam tətbiqi başa çatdırılacaq".

Unikal.org xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.

Nazir bildirib ki, qarşıya qoyulan vacib vəzifələrdən biri kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılmasıdır: "Belə ki, diqqət yetirsək, bu il əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunmuşdur ki, bu da ötən ilə nisbətən 6,9 faiz çoxdur. Buğdanın məhsuldarlığı təxminən 32,4 faiz sentner təşkil etmişdir, artım ötən ilə nisbətən təqribən 2 sentner çoxdur və yaxud 7,6 faizdir. Pambıqçılıqda ümumi məhsul artımı 26,4 faiz olmuş, məhsuldarlıq isə 67,6 faiz artmışdır. Həmçinin günəbaxan istehsalı 43,3 faiz, kartof istehsalı 11,7 faiz, tərəvəz 12,17 faiz, bostan məhsulları 11,4 faiz və meyvə-tərəvəz istehsalı isə 8,8 faiz artmışdır. Sizin də qeyd etdiyiniz kimi, əsas artım sahələrindən birini, həmçinin üzümçülük təşkil edir. Heyvandarlıqla bağlı artıma gəlincə, ət diri çəkidə 3 faiz, süd 2,4 faiz, yumurta istehsalı 9 faiz, yun istehsalı 1,6 faiz, barama istehsalı isə 25,3 faiz artmışdır. Qarşımızda qoyduğunuz əsas vəzifələrdən biri bu il bu sahədə mövcud resurslarımızdan istifadə etməklə məhsuldarlığın daha da artırılması, mütərəqqi texnikaların və metodların tətbiq edilməsidir".