“Azərişıq” ASC Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayevin şəhərin “Yeni Köçkün” qəsəbəsindəki generatoru mənimsəməsi barədə iddialara münasibət bildirib. 

Qurumun mövqeyini Unikal.org-a mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlayıb. 

Onun sözlərinə görə, bu iddialar əsassız və qərəzlidir: "Mingəçevir şəhəri ərazisində 594 məcburi köçkün ailəsi üçün inşa edilmiş çoxmərtəbəli yeni yaşayış məhəlləsinin elektrik təchizatı şəbəkəsinin tikintisi başa çatdığından, məhəllədəki 3 ədəd dizel generatoru rəsmi olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun balansından “Azərişığ”ın balansına verilib. Əraziyə 110/35/6 kv-luq “Mingəçevir” yarımstansiyasından 2 dövrəli hava kabel xətti çəkildiyindən, habelə elektrik enerjisinin verilişində heç bir problem olmadığı üçün generatordan istifadəyə ehtiyac yaranmamış və bu səbəbdən generatordan biri ərazidən götürülüb.

“Azərişıq” fəaliyyətində şəffaflığı prioritet seçərək hər zaman ictimaiyyətə açıq olduğundan, KİV-lərdən həqiqətə uyğun olmayan və “Azərişığ”ın işgüzar nüfuzuna kölgə salan bu kimi xəbərləri tirajlamazdan əvvəl Cəmiyyətin mətbuat xidmətinə müaricət edərək müvafiq dəqiqləşmələr aparılması xahiş olunur”.