Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova yığmadakı karyerasını bitirir.

Unikal.org xəbər verir ki, bu barədə 29 yaşlı oyunçu Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlamasında deyib:

“Tokio olimpiadasından kənarda qaldıq. Növbəti oyun üçün hələ də həyəcanlıyam. Bu, millidə son oyunum olacaq” – o, vurğulayıb.

Braziliyanın “Sesi Bauru” klubunda çıxış edən Polina Rəhimova, 2007-ci ildən Azərbaycan millisinə dəvət alırdı.

Azərbaycan millisi hazırda Niderlandın Apeldorn şəhərində keçirilən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində mübarizə aparır. A qrupunda yer alan yığma Niderlanda 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə uduzub. Bununla da Azərbaycan millisinin qrupda sonuncu olacağı dəqiqləşib. Sabah Polşa ilə keçiriləcək son tur oyunun nəticəsindən asılı olmayaraq Azərbaycan millisi olimpiadaya lisenziya qazana bilməyib.