Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, İsmayıllı şəhəri ərazisində hərəkətdə olan “VAZ 21011” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb. 

Avtomobilin yük hissəsinə baxış keçirilən zaman oradan heyvan cəmdəyi aşkar edilib. Nəqliyyat vasitəsinin sürücüsü, İsmayıllı şəhər sakini Elçin Məmmədovdan daşıdığı həmin ətə görə sənədlər tələb olunduqda, o, sənəd təqdim etməyib, ətin mənşəyi məlum olmadığından avtomobil müvəqqəti duracağa yerləşdirilib. E.Məmmədov izahatında həmin ətin at heyvanına məxsus olduğunu və Ağsu rayonunda kəsərək İsmayıllıya gətirdiyini bildirib.

Aşkar edilən 45 kq ətdən götürülüb nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.