Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə Qaradağ rayonunda da böyük fəallıqla, yüksək bayram əhval-ruhiyyəsi ilə ağacəkmə kampaniyası keçirilib.

Unikal.org xəbər verir ki, Qaradağ rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, qəsəbə sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 2500 nəfərədək adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə kompaniyasında 20 mindən çox müxtəlif növ həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib, ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, minlərlə ağaclar budanıb, dibləri yumşaldılıb. Qeyd olunan yaşıllıq zolağı ərazisində səhnə quraşdırılıb, incəsənət ustalarının ifasında Nəsiminin qəzəllərindən ibarət musiqilər, muğamlar səsləndirilib, şairin həyat və yaradıcılığından bəhs edən səhnələr ifa olunub. Mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.

Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynayıb. Bu gün bütün ölkə ərazisində olduğu kimi, bəşəri dəyərlər şairi İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Qaradağ rayonunda həyata keçirilən silsilə tədbirlərdən biri kimi, rayonun bütün qəsəbələrində, o cümlədən Lökbatan, Sahil, Puta, Korgöz, Qızıldaş, Ümid, Sanqaçal, Çeyildağ, Qobustan, Ələt və Müşfiqabad qəsəbələrinin müxtəlif yerlərində yerləşən parklarda, bağlarda, o cümlədən Bakı-Ələt (Astara) magistral avtomobil yolunun kənarlarını əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası böyük bayram əhval-ruhiyyəsi ilə keçirilib.