Səfər zamanı Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ məsələsi  müzakirə mövzusu olub.

“Unikal” qəzetinə müsahibə verən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ilə söhbətə də elə bu mövzudan başladıq. 

-Akif bəy, Lavrovun Azərbaycana səfəri və burada keçirdiyi görüşlər, verdiyi bəyanatlarla bağlı mövqeyiniz necədir, bu səfəri necə dəyərləndirirsiniz?

-Ümumiyyətlə, son dövrlər Rusiyanın regionda fəallaşması hiss olunur. Bilirsiniz ki, bir neçə gün əvvəl İrəvana səfər edən Rusiyanın xarici işlər naziri Lavrovun oradakı görüşlərində əsas müzakirə məsələsi Dağlıq Qarabağla bağlı olmuşdur. Səfər zamanı Lavrovun bəzi açıqlamaları Azərbaycan cəmiyyətində narazılıqlara yol açdı,  xüsusilə də “Dağlıq Qarabağ xalqı” ifadəsi narazılığa səbəb olmuşdu. Daha sonra ermənilərin tələblərinə, onların istəklərinə uyğun olaraq münaqişənin 3 tərəfi həlli ilə bağlı ifadəsi də dolayı yolla gündəmə gəlmişdi. Bilirsiniz ki, danışıqlarda tərəf kimi Ermənistan rəhbərliyi münaqişəni 3 tərəfli - Azərbaycan, Ermənistan və “Dağlıq Qarabağ” adı ilə vermək istəyir, o istiqamətdə mövqelərini ortaya qoyurlar. Ona görə də Lavrov İrəvan səfəri zamanı həmin mövqedən çıxış etmişdi ki, bu da Azərbaycanda haqlı narazılığa səbəb olmuşdu. Bakı səfərində demək olar ki, Lavrov o məsələlərin üzərindən keçdi və ya onları neytrallaşdıraraq      “Dağlıq Qarabağ Əhalisi” ifadəsini işlətdi. “Dağlıq Qarabağ Əhalisi” ifadəsinin işlənməsi isə Azərbaycanın maraqlarına cavab verir. Çünki Azərbaycan artıq  son aylarda fəal şəkildə Dağlıq Qarabağ əhalisi və əhalinin içində azərbaycanlıların hüquqi, haqqı məsələsini ortaya qoyur və Dağlıq Qarabağda Azərbaycan icmasının son aylarda fəallaşması da mən hesab edirəm ki, bununla bağlıdır. Müxtəlif ölkələrdə  səfərdə olan, görüşlərdə Dağlıq Qarabağda təkcə erməni yox, eyni zamanda, azərbaycanlı icmasını düşünməsi vacibliyi diqqətə çatdırılır və artıq bu da ictimai rəydə özünə yer edir. Bu baxımdan, Lavrovun Azərbaycan səfərində tutduğu mövqe hələlik Azərbaycanın maraqlarına cavab verir.

-Belə qənaətə gəlmək olmazmı ki, Lavrov Ermənistanda çıxışı zamanı erməniləri rahatlaşdırmaq üçün bir söz deyir, Azərbaycanda da bir söz deyərək, münasibətləri korlamamağa çalışır. Sizcə, məqsəd nədir? 

-Çox təəssüf ki, bu Rusiyanın münaqişənin həllində hələ tələsmədiyinin göstəricisi kimi dəyərləndirilə bilər. Əgər Rusiya münaqişənin həllində artıq konkret addımlar atmaq niyyətində olsaydı, Azərbaycanda da, Ermənistanda da və digər müstəvilərdə də eyni mövqedən çıxış edərdi. Deməli, bu qənaətə gəlirik ki, Rusiya hələlik tərəfləri  incitməmək, sakitləşdirmək və arxayınlaşdırmaq mövqeyindən çıxış edir. Buna görə də münaqişənin həllinə Azərbaycanda bir mövqedən, Ermənistanda da başqa bir mövqedən yanaşır. Rusiya hələlik münaqişənin həllinin yaxın vaxtlarda müsbət perspektivini görmür və ya daha doğrusu görmək istəmir. Buna görə də bu cür qeyri-diplomatik mövqedən çıxış edərək münaqişənin həlli yolunu axtarır. Çünki hər dövlətin özünün konkret münasibəti olmalıdır və istənilən yerdə də o münasibəti sərgiləməlidir. Lavrov burda Azərbaycan cəmiyyətinin xətrinə dəyməsin və yaxud orda da Ermənistan cəmiyyətinə xoş gəlsin deyə fərqli mövqe sərgiləyir.

-Ancaq Lavrovun erməni əsilli olması və ermənilərin marağından çıxış etməsi ortadadır. Bu barədə nə deyə bilərsiniz? 

- Təbii ki, o amil də nəzərə alınmalıdır. Görünür Rusiya üçün, Azərbaycan-Ermənistan münaqişəsinin həlli hələ aktual deyil. Xarici işlər nazirinin hər hansı bir müavinini də göndərə bilərdilər ki, bu prosesdə bir mənalı şəkildə Rusiyanın mövqeyindən çıxış eləsin. Yenə də dediyimiz əvvəlki, tezisə qayıdırıq ki, Rusiya hələ münaqişənin həllində maraqlı deyil. Digər tərəfdən, yəni,  Lavrov təbii ki, erməni əsillidir, özləri də bunu gizlətmirlər. Amma Rusiyanın da özünün dövlət maraqları var, hər hansısa bir erməni və yaxud başqa bir millətin nümayəndəsi gəlib orada vəzifə tutub öz soydaşlarının, öz tərəfdaşlarının mövqeyini yerinə yetirərsə, onda Rusiya dövlət olmaz. Lavrov hansısa xırda ştrixlərlə ermənilərin xeyrinə nəsə edə bilər, amma bütövlükdə  prosesi ermənilərin xeyrinə heç vaxt döndərə bilməz. Ola bilər ki, bu gün Rusiyanın dövlət maraqları Ermənistanın maraqları ilə üst-üstə düşsün, Lavrov da ondan  istifadə edə bilər. Lakin fərdi şəkildə  Rusiyanın maraqlarında mövqe tuta bilməz.

-Bu günlərdə Azərbaycan-Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri oldu. Bu da müəyyən müzakirələrə rəvac verdi. Ümumiyyətlə, bu kimi səfərlərin nə kimi xeyri var? 

- Zaman-zaman ermənilər cəhd edirlər ki,  beynəlxalq təşkilatlardan onlara dəstək verilib ki, qarşılıqlı səfərlər  təşkil eləsinlər. Bu günlərdə Ermənistanın  məmur heyəti də  Bakıdakı beynəlxalq toplantıya qatılıb və bununla bağlı Qarabağ Azadlıq Təşkilatında (QAT) ciddi müzakirələr oldu. Eyni zamanda, xaricdə olan üzvlərimiz və tərəfkeşlərimizlə  geniş müzakirələrimiz oldu. Biz hesab edirik ki, bu, münaqişənin həllinə heç bir müsbət təsir göstərməyəcək. Amma ola bilər ki, Beynəlxalq təşkilatların qoyduğu şərtlərdən biri bundan ibarət olsun ki, iki ölkə arasında bu cür  müəyyən bir yumşalma, müəyyən bir dialoq  bölgüsü yaradılsın. Azərbaycan da dövlət maraqlarını rəhbər tutaraq hansısa məqamda bu cür səfərlərə şərait yaratsın. Müşahidəçi kimi qeyd edə bilərəm ki, burda da dövlətin bir məqsədi var, onu həyata keçirtmək üçün bu səfərlərdən istifadə edir.  

-Amma əvvəllər daha kəskin mövqe sərgiləyirdiniz? 

-Mövqeyimiz yenə də yerində qalır. Hesab edirik ki, bu danışıqların, səfərlərin, dialoqların Qarabağ məsələsinin həllinə  heç bir müsbət  təsiri olmayacaq. Lakin dövlətin siyasətində də müəyyən dəyişikliyi hiss edirik. Hər halda gözləməyə dəyər. 

- Dağlıq Qarabağın Azərbaycanlı icması bəzən elə bir  mövqelər sərgiləyir ki, cəmiyyətin qəbul etməsi mümkün deyil. Bu təşkilatın çağırışlarını Siz necə qəbul edirsiniz? 

- Biz həmişə  Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyini tənqid eləmişik. Bu gün də həmin mövqedə qalırıq, hesab edirik ki, Dağlıq Qarabağın azərbaycanlı icması öz funksiyasını kifayət qədər yerinə yetirmir. Amma son aylar ərzində onlar da fəallaşıblar, dəfələrlə dediyimiz istiqamətdə addımlar atmağa başlayıblar. Biz həmişə deyirdik ki, Dağlıq Qarabağ azərbaycanlı icması dünyanı gəzməlidir, Azərbaycanda bütün səfirliklərlə görüşməlidir və bu ideyanı çatdırmalıdır ki, Dağlıq Qarabağın sahibi bizik, ermənilər deyil. Ümumiyyətlə, Qarabağ deyiləndə rəsmi və yaxud qeyri-rəsmi insanların gözünün önünə erməni gəlir. Belə bir təsəvvür yaranır ki, Qarabağ ermənilərindir. Bu təsəvvür aradan qaldırılmalıdır. Dağlıq Qarabağın 3 milyon əhalisi var bunun balaca bir hissəsi, zərrəsi  ermənilərdən ibarətdir.  Çox hissəsi azərbaycanlılardır. Qarabağın özündə isə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edir. 1988-1989-cu illərdə Qarabağda azərbaycanlıların sayı 40 mindən artıq idi. İndi isə əhalinin sayı 80 mindən çoxdur. Yəni, faktiki olaraq Dağlıq Qarabağda Azərbaycanlıların haqqı daha çoxdur. 
Azərbaycanın Dağlıq Qarabağ icmasını bütün ölkələrdə, həm  bütün ölkə rəhbərləri ilə görüşlər təşkil olunmalıdır, parlament rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər təşkil olunmalıdır və bütün qurumlara  bildirməlidir ki, oranın sahibi erməni deyil. bizik! Bu günlərdə Tural  Gəncəliyevin mətbuatda  açıqlamasını dinlədim. Belçikada deputatlarla  görüş zamanı, bildirib ki: ”Biz evimizə qayıtdıqdan sonra erməni icması ilə sülh şəraitində yaşamağa hazırıq”. Bu açıqlama diplomatik bir mövqeni əks etdirir. Amma vurğulanmalıdır ki, ora bizim öz evimizdir. 

-Akif bəy, siz bundan əvvəl siyasi proseslərdə də aktiv iştirak etmisiniz və seçkiyə cəmiyyətə çıxış imkanı kimi yanaşmısınız. Növbədənkənar  parlament  seçkilərində iştirak etmək niyyətiniz varmı? 

-Mən hesab edirəm ki, Azərbaycan xalqının mövqeyini  əks etdirməyən, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti tərəfindən qəbul olunmayan  parlamentin buraxılması düzgün qərar oldu. Siyasi sistemdə düzgün və təkmilləşdirilmiş addımlar atırıq. Ümid edirəm ki, parlament Azərbaycan xalqının mövqeyini əks etdirən deputatların seçilməsinə gətirib çıxaracaqdır. Ümid edirik ki, parlamentin tərkibi Azərbaycan xalqına xidmət edən bir deputat korpusu olacaq və Qarabağla bağlı konkret mövqe sərgilənəcək. Əvvəlki parlamentdən narazılığımız odur ki, hər dəfə müraciət edilməsinə baxmayaraq, Qarabağ müzakirəsinə çox da önəm verilmirdi. Həmçinin də, daimi Qarabağ Komitəsinin yaranması ilə bağlı Milli Məclisə təkliflər bildirilib. Bu və ya digər Qarabağla bağlı təkliflərimiz olmuşdur. Yeni parlamentdən gözləntilərimiz çoxdur. Qarabağ təşkilatının idarə heyəti Ali Məclisin toplantısında orda da məsələ müzakirə olunacaq. İlkin rəyə əsaslanaraq Qarabağ təşkilatının üzvləri fərdi olaraq bir vətəndaş kimi və həmçinin, mən də parlament seçkilərində iştirak edəcəyik.

Z.Məmmədli