Bu gün  saat 09:40 radələrində Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat  hadisəsi baş verib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Unikal.org-a verilən məlumata görə, Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində  hərəkətdə olarkən,  54 BJ 612  nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil  elektrovozla toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da,  onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC bu hadisədən təssüfləndiyini bildirir, ölənlərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.