"Son günlər medianın, sosial şəbəkələrin və ictimai diskussiya meydanlarının hamısında əsas gündəliyi Prezidentin qələminin mürəkkəbi ilə bütün hakimiyyət qollarının ənənəvi idarəetmə stilindən çıxarılmasına cəhd, xalqa xidmətin yeni nümunələrinin yaradılması təşkil edir. Prosesin adını idarəçilikdə gəncləşmə, cavanlaşma kursu kimi təqdim edənlər də çoxdur. Lakin fikrimcə ölkə başçısı ötən on illər ərzində ölkənin bir nömrəli qayğısını-Azərbaycanı beynəlxalq itqisadi məkanın vacib erteriyalarla bağlayandan sonra daha fundamental şəkildə yeni komanda quruculuğu və bütün hakimiyyət qollarına xalqın rəğbət, inam və etibarını gücləndirməyə yönələn son dərəcə taleyüklü addımlar atır."

Unikal.org xəbər verir ki, bu sözləri  Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc prezident İlham Əliyevin  son zamanlar apardığı kadr və struktur islahatlarını şərh edərkən  deyib. 

Z. Oruc bildirib ki, verilən qərarların sürəti bəzən onların dərin qiymətləndirməsini mümkünsüz edir: "Amma şükürlər olsun, bütün yeniləşmə kursu qansız-qadasız baş verir. O cümlədən, ilin əvvəlindən əhalinin həssas təbəqələrini böyük maliyyə tutumlu qərarlarla dövlətçilik mövqeyində qoruyub saxladıqdan sonra, Birinci şəxs şahmat masasında qrossmeyster dəqiqliyi və ardıcıllığı ilə vətəndaşların uzun on illər qəlbində özünə yer tutan əsil xalq hakimiyyəti modelini bərqərar edir. Zənnimcə, biz yeni siyasətin adını belə də adlandırmalıyıq - Prezident hakimiyyətin bütün qollarını yeniləyirsə, bu, yeni hakimiyyət qurmaq deməkdir!"