Azərbaycanda müəlliməni oğurlayıb zorlamaqda təqsirləndirilən qardaşlar -  Bəhruz və Müşfiq İsrəfilovlar yenidən məhkəmə qarşısına çıxarılır. 

Unikal.org xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsinin qərarından narazı qalan qardaşlar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. 

Şikayət hakim Əli Seyfəliyevin icraatına verilib. 

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, hadisə 2016-cı il aprelin 19-da səhər saatlarında Ağsu rayonunun Nuran kəndində baş verib.
Təhsil Nazirliyinin təyinatla kəndə göndərdiyi 23 yaşlı Sara Vəliyeva (ad şərtidir) dərsə gələrkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla avtomobilə mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər.

Məlum olub ki, müəllimə evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrəfilov telefonla müəlliməyə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəlliməni qaçırıb. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar.

Müəlliməni qaçıran dəstə üzvləri - 1985-ci il təvəllüdlü İsrəfilov Bəhruz Dursunəli oğlu 13, onun qardaşı 1980-ci il təvəllüdlü İsrəfilov Müşfiq Dursunəli oğlu 12, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllimə ilə evlənmək istəyən B.İsrəfilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinib.

Xatırladaq ki, oğurlanan və cinsi təcavüzə məruz qalan müəllimə həmin vaxt işini itirib. Məlum olaydan sonra həmin kənddə işləmək istəməyən kimya müəllimi, 23 yaşlı Sara Vəliyeva Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. O, başqa məktəblərdə də ixtisaslı kimya müəlliminə ehtiyac olduğunu, imtahanla müəllimliyə qəbul edildiyini xatırladaraq nazirlikdən doğulduğu rayonda və yaxud paytaxtda işlə təmin edilməsini xahiş edib. Lakin nazirlik gənc müəllimin istəyini təmin etməyib.

Əli Osmanov