Bakıda tanınmış şirkətdən oğurluq etməkdə təqsirləndirilən Tərlan Əhmədağazadənin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 

Unikal.org xəbər verir ki, Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. 

Qərara əsasən, T.Əhmədağazadənin kassasiya şikayəti təmin edilməyib. 

İttihama görə, dəstə üzvləri - Saleh Mehdiyev, Tərlan Əhmədağazadə və İntiqam Quliyev Bakıda anbardan 12 ədəd kondisioner, 1 ədəd tozsoran və 1 ədəd kombi oğurlayıblar. Bundan başqa, T.Əhmədağazadə "Xəzər İnşaat" şirkətinə məxsus anbardan 71 168 manat dəyərində 53 ədəd kondisioner, 5 ədəd tozsoran, 21 ədəd kombi aparatı və digər əşyaları oğurlayıb.

Həmçinin dəstə üzvləri Bakıda "Kontakt" və "Eurolux" şirkətlərinə məxsus anbarlardan məişət əşyaları da oğurlayıblar.

Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Quliyev 9 il, T.Əhmədağazadə və S.Mehdiyevin hər biri isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi hər üç şəxsin apellyasiya şikayətini təmin etməyib. Daha sonra T.Əhmədağazadə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.